(Material "Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” mövzusu üzrə hazırlanıb)
Azərbaycanda son beş ildə autizm spektr pozuntusu diaqnozu qoyulan uşaqların sayı iki dəfədən çox artıb. Mütəxəssislər bunu xəstəliyin kəskin yayılması ilə deyil, erkən diaqnostikanın təkmilləşməsi, cəmiyyətin maariflənməsi və qeydiyyat sisteminin daha effektiv işləməsi ilə əlaqələndirirlər.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021–2025-ci illərdə ümumilikdə 13 min 676 nəfərə autizm spektr pozuntusu diaqnozu qoyulub. Uşaq autizmi diaqnozu ilə qeydiyyatda olanların sayı 2021-ci ildə 1624 nəfər olduğu halda, 2025-ci ildə 3533 nəfərə yüksəlib. Atipik autizm diaqnozu ilə qeydiyyatda olanların sayı isə həmin dövrdə 55 nəfərdən 123 nəfərə çatıb.
Son beş ildə uşaq autizmi diaqnozu qoyulan oğlanların sayı 1284-dən 2765-ə, qızların sayı isə 340-dan 768-ə yüksəlib. Yaş qrupları üzrə də artım qeydə alınıb. Belə ki, 0–13 yaş qrupunda qeydiyyatda olanların sayı 1227-dən 2726-ya, 14–17 yaş qrupunda 385-dən 749-a, 18 və yuxarı yaş qrupunda isə 12-dən 58 nəfərə çatıb.
Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov Qaynarinfo-ya bildirib ki, statistik rəqəmlər ilk baxışdan autizm diaqnozu qoyulan şəxslərin sayında ciddi artım təsəvvürü yaratsa da, bu göstəricini yalnız xəstəliyin yayılması kimi qiymətləndirmək düzgün deyil.
Onun sözlərinə görə, son illərdə autizm spektr pozuntusu ilə bağlı həm cəmiyyətin, həm də səhiyyə sisteminin məlumatlılığı əhəmiyyətli dərəcədə artıb. Valideynlər uşaqlarındakı inkişaf xüsusiyyətlərini daha erkən mərhələdə fərq edir, mütəxəssislərə müraciət edirlər. Eyni zamanda pediatrlar, uşaq nevroloqları, psixiatrlar və psixoloqlar erkən skrininq və diaqnostika sahəsində daha hazırlıqlı olduqlarından, əvvəllər müəyyən edilməyən bir çox hallara indi autizm spektr pozuntusu diaqnozu qoyulur.
Psixoloq bildirib ki, artımın digər mühüm səbəbi beynəlxalq diaqnostik meyarların təkmilləşdirilməsidir:
"DSM-5 və ICD-11 kimi beynəlxalq təsnifat sistemlərində autizm spektri daha geniş təsvir olunur. Bu da əvvəllər diaqnostikadan kənarda qalan bəzi halların artıq autizm spektri daxilində qiymətləndirilməsinə imkan verir. Digər tərəfdən, qeydiyyat sistemlərinin təkmilləşdirilməsi nəticəsində əvvəllər müxtəlif qurumlarda ayrı-ayrılıqda qeydə alınan şəxslər artıq vahid statistik bazada əks olunur. Bu da statistik göstəricilərin artmasına təsir edən amillərdəndir”.
Elnur Rüstəmov qeyd edib ki, beynəlxalq elmi araşdırmalar autizmin yaranmasında valideyn yaşının artması, genetik meyllilik, hamiləlik və doğuş dövründə baş verən bəzi tibbi risklər kimi müxtəlif amillərin rol oynaya biləcəyini göstərir. Bununla belə, autizmin yaranmasını izah edən vahid səbəb hələ müəyyən edilməyib:
"Elmi konsensus autizmi genetik və ətraf mühit amillərinin qarşılıqlı təsiri nəticəsində formalaşan mürəkkəb neyroinkişaf pozuntusu kimi qəbul edir”.
Psixoloq autizmlə bağlı cəmiyyətdə dolaşan bəzi yanlış təsəvvürlərə də toxunub:
"Peyvəndlərin autizm yaratdığı barədə iddialar çoxsaylı beynəlxalq elmi tədqiqatlarla tamamilə təkzib olunub və bu məsələ ilə bağlı elmi konsensus mövcuddur. Hesab edirəm ki, statistik artımı təhlükə siqnalı kimi deyil, erkən diaqnostika və aşkarlanmanın yaxşılaşmasının göstəricisi kimi qiymətləndirmək daha doğru olar”.
Elnur Rüstəmovun fikrincə, əsas məsələ diaqnozların sayının artması deyil, autizmli uşaqların və onların ailələrinin keyfiyyətli tibbi, psixoloji və pedaqoji xidmətlərə vaxtında çıxışının təmin edilməsidir. O vurğulayıb ki, erkən müdaxilə proqramları uşaqların sosiallaşması, ünsiyyət bacarıqlarının inkişafı və müstəqil həyat potensialının artırılması baxımından ən effektiv yanaşmalardan biridir.
Psixoloqun sözlərinə görə, mövcud statistika təşviş yaratmamalı, əksinə, erkən skrininq proqramlarının genişləndirilməsi, valideynlərin maarifləndirilməsi, inklüziv təhsilin inkişafı və bu sahədə çalışan mütəxəssislərin hazırlanmasına daha çox diqqət ayrılmasına stimul verməlidir.
Bahar Rüstəmli
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.
Şərhlər