Ölkə 11:09 07.09.2023

Aysel Xəlilova departament direktoru təyin edildi

Dosent Aysel Xəlilova Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) yeni yaradılan Xarici Dillər Departamentinin direktoru vəzifəsinə təyin edilib.

Bu barədə Qaynarinfo-ya UNEC-dən xəbər verilib.

Qeyd edilib ki, Aysel Xəlilova ADU-nun Roman-German filologiyası fakültəsini bakalavr səviyyəsi, Dilşünaslıq fakültəsini isə magistr səviyyəsi üzrə fərqlənmə diplomu ilə bitirib. 2004-cü ildən UNEC-in "Xarici dillər” kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb. ABŞ-ın interaktiv metodla bağlı Mərkəzi Qərbi Avropa və Asiya ölkələrinin müəllimləri üçün təşkil etdiyi USAİD proqramının təlimlərində fəal iştirak edərək, hər iki layihədən "Müvəffəqiyyət Sertifikatı” alıb.

Britaniya Konsulluğunun Kembric Universitetinin müəllimlər üçün təşkil etdiyi "TKT Module 2” kursunu uğurla bitirərək, "University of Cambridge” sertifikatını qazanıb. İtaliyanın Milan şəhərində "TEFL” (Teaching English as a Second Language), İngiltərənin Brayton şəhərində "CELTA” (Certificate in Teaching English to Speakers of Other Languages), İspaniyanın Barselona şəhərində isə "DELTA Module-1” ( Diploma in Teaching English to Speakers of Other Languages) kurslarını uğurla bitirərək "Beynəlxalq müəllim” statusunu alıb.

Türkiyənin Hacettepe Universitetinin "Dünya Dilləri” sertifikatını qazanıb. UNEC-in və Dövlət Gömrük Komitəsinin Akademiyasının "İngilis dili” proqramlarının müəllifidir. 28 yerli və 10 beynəlxalq sertifikatın sahibidir. Filologiya üzrə fəlsəfə doktoru, dosentdir. 12 elmi məqaləsi xarici, 21 məqaləsi isə yerli elmi jurnallarda dərc edilib. 2 kitabın müəllifidir.

2022-ci ildə "British Council”un rəsmi IELTS tərəfdaşlığı ilə yaradılan UNEC Dil Mərkəzinin rəhbəri olub. Hazırda həmin mərkəz Xarici Dillər Departamentinin tərkibində fəaliyyət göstərəcək.