Xəbər lenti

Azər Bağırovu Naxçıvanda nələr gözləyir?.. (MÜSAHİBƏ)
İdman 10:33 08.03.2022

Azər Bağırovu Naxçıvanda nələr gözləyir?.. (MÜSAHİBƏ)

"Araz Naxçıvan” bu yaxınlarda yeni baş məşqçisinin adını açıqladı. Bundan sonra komandanı PRO kateqoriyalı mütəxəssis Azər Bağırov çalışdıracaq. Təbii ki, yeni baş məşqçi varsa, deməli, məqsədlər və iddialar da dəyişib. Bəs gələcək planlar necədir? Bağırovu Naxçıvanda nələr gözləyir?

Mütəxəssis Qaynarinfo-ya müsahibəsində bunları söylədi:

- "Araz Naxçıvan”a getməyiniz barədə danışardınız...

- Naxçıvan Futbol Federasiyasından təklif gəldi. Danışıqlarımız oldu. Oturduq, danışdıq, razılaşdıq. Naxçıvanda böyük planlar var. Yaxın gələcəkdə yəqin ki, hamısını yavaş-yavaş realizə edəcəklər. Bunun bir hissəsi olaraq mən də öz töhfəmi vermək istəyirəm. Təklifə ciddi yanaşdım. Çünki yenilikləri xoşlayıram, çətinlikdən qorxmuram. Ona görə də bu yükü öz üzərimə götürdüm. 

- Şərait və komanda ilə tanış olmusunuz?

- Komanda ilə tanış olmuşam. İstedadlı uşaqlar var. Üzərində işləməli olduğumuz məsələlər çoxdur. Naxçıvan şəhərinin əsas meydançasının durumu normaldır. Amma infrastruktur barəsində böyük işlər görülməkdədir. Uzunoba ərazisində akademiya üçün bir yekə, bir üstübağlı və qum meydançaları var. Kütləvililik yaradandan sonra bunlardan yaxşı şəkildə istifadə edə biləcəklər. Hazırda "Araz Naxçıvan” Uzunobadakı meydançada məşq edir. Ev oyunlarını da orada keçirir. Bir qədər də böyüyəndən sonra yəqin ki, bütün ev oyunlarını Naxçıvanın əsas meydançasında keçirəcək. Komandaya hələ məşq keçməmişəm. Amma kənardan müşahidə etdim, uşaqlarla tanış oldum. Bəzilərini tanıyıram. Bir neçə il əvvəl, mən MOİK-də işləyəndə də bura gəlmişdik. Bacarıqlı, gənc futbolçular çoxdur. İşimiz çoxdur, Allah utandırmasın.

- Komandanın durumu necədir? Oyun üslubu baxımından nələrisə dəyişəcəksiniz?

- Dəyişəcəyimiz şeylər olacaq. Amma desəm ki, böyük ölçüdə hər şeyi dəyişəcəyik, xeyr, belə olmayacaq. Ola bilsin ki, bir neçə oyunçu dəvət edib zəif nöqtələri gücləndirək. Bakıda final mərhələsi keçiriləcək, ora daha hazırlıqlı getmək istəyirik. Yəqin ki, planlarımızı yavaş-yavaş həyata keçirəcəyik və bu haqda mətbuata bilgi veriləcək. Birinci Divizionun lisenziyalaşadırma şərtləri var. Klub rəhbərliyi bu şərtləri yerinə yetirsə, inanıram ki, Birinci Dəstəyə buraxacaqlar. Naxçıvan bu gün Azərbaycanın göz bəbəyi sayılır. Klub inşallah, Birinci Divizionda, daha sonra Yüksək Liqada öz sözünü deyər. Regionlarda futbolun inkişafını istəyiriksə, Naxçıvan da mərkəz kimi bunda rol oynamalıdır.

- Köməkçiləriniz müəyyənləşib?

- Bu barədə bir şey planlaşdırmamışam. Yaxın vaxtlarda kimlərlə işləyəcəyimiz bilinəcək. Ola bilər, Bakıdan köməkçi dəvət edim. Amma buradakıların əksəriyyəti qalıb işinə davam edəcək. Düşünürəm ki, Bakıdan bir nəfər dəvət edim. Ümumilikdə məni tanıyan, yaxından bilən bir insanla işləmək daha rahatdır. Perspektiv baxımından bir çox şeyləri tez bir zamanda həyata keçirə bilərik.

- Bildiyimə görə, hazırda komandanın bütün üzvləri naxçıvanlıdır. Kənardan futbolçu dəvət edəcəksiniz?

- Bəli, demək olar, hamısı naxçıvanlıdır. Sadəcə, rəqabət yaratmaq və komandanın daha da inkişaf etməsi üçün kənardan futbolçu gətirməliyik. Dəvət edəcəyik ki, kim güclüdürsə, o oynasın. Daim axtarışda olmalıyıq. Futbolda hərə öz şansını gözləməlidir. Əlimizdən gələni etməyə çalışacağıq. 

- Bakıdan futbolçu dəvət etməklə bağlı şərtlərinizi rəhbərliyə bildirmisiniz?

- Bəli, bildirmişəm. Çox isti münasibət göstəriblər. Hər bir cəhətdən dəstəkləyirlər. Çünki rəhbər olan şəxslər bu gün idmanı çox yaxşı başa düşürlər. İlk söhbətdən sonra dəstək göstərməyə can atırlar. Naxçıvanda çoxdandır futbol yoxdur. Hamı "acdır”. Ona görə də tez bir zamanda dəyişikliklər həyata keçirməyə çalışırlar. Burada payımız varsa, xoşbəxt insan olacağıq. Hər şeyi zaman göstərəcək. Çox istərdim ki, böyük uğurlar qazanaq. Sərhəd zonası olduğuna görə xaricə çıxmağımız, orada təlim-məşq toplanışı keçməyimiz, futbolçuların inkişafı daha asan ola bilər. Türkiyəyə 15 dəqiqəlik yoldur. Futbolçuları gərgin oyunlara qatmaq, inkişaf etdirmək mümkündür.

- Naxçıvandan təklif gəldi deyə "Səbail”dən ayrıldınız, yoxsa, əvvəldən belə bir fikriniz vardı?

- "Səbail”də şərtlər, hər bir şey qaydasında idi. Bildiyiniz kimi, komanda 3 oyun keçirmişdi. Onların ikisində qələbə qazanmışdıq. Əslində, üçüncüdə də qələbə qazana bilərdik, sadəcə, şanssızlıq yaşadıq. Hər şey rahat idi. Naxçıvandan təklif, üstəlik də iddialar və məqsədlər maraqlı gəldi. "Səbail” rəhbərliyi, Fərəc müəllimlə, Aftandil Hacıyevlə hər şey öz qaydasında idi. Klubdan da çox yaxşı şəkildə ayrıldım. Əlbəttə, heç kim öz yaxşı mütəxəssisini buraxmaq istəməz. Amma onlar məni başa düşdülər. Hər şey qaydasındadır, çox sağ olsunlar. Onlara təşəkkürümü bildirirəm. 

- Son vaxtlar "Səbail”dəki problemlər, maliyyə durumu, komandanın turnir cədvəlindəki yeri qənaətbəxş deyil. Sanki, hamı qaçmaq istəyir oradan...

- İnanın ki, orada işlədiyim son iki ayda maaş gecikməsi olmadı. Hətta rəhbərlikdən təlim-məşq toplanışı istədim, canla-başla, çox yüksək səviyyədə təşkil etdilər. Təminat baxımından problemim olmadı. Çətinliklərlə üzləşmədim. İnventarlar istəmişdim, cəmi iki gündən sonra gətirdilər. Maliyyə sıxıntısı yaşamadım.

- Naxçıvanda yaxın aylarda infrastrukturla bağlı hansısa planların həyata keçirilməsi gözlənilir?

- Yaxın vaxtlarda akademiya açılmalıdır. Bilirsiniz ki, akademiyanı saxlamaq nə qədər çətindir. Hətta rəhbərlik onu da fikirləşib ki, klub gələcəkdə Premyer Liqaya vəsiqə qazanarsa, yerli gənclər yetişdirilsin. Yəni aşağı yaş qrupları yerli futbolçularla dolsun. Belə baxanda alqışlanası addımdır. Sabah Zəngəzur dəhlizi açılandan sonra bura artıq bir mərkəzə çevriləcək. Gediş-gəliş rahatlaşacaq. Bununla yanaşı, yerli futbolçularımızın ən yaxın olan Türkiyə klublarına təklifi də gündəmə gələcək. 

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->