Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Rəhman Mustafayev Azərbaycanın Rusiyadakı səfiri təyin edilib.
Qaynarinfo xəbər verir ki, Rəhman Mustafayevin bu təyinatadək son iş yeri Azərbaycanın Niderland Krallığındakı səfiri vəzifəsi olub.
Rəhman Mustafayev 26 sentyabr 1963-cü ildə Bakı şəhərində anadan olub. 1980-1985-ci illərdə Moskva Dövlət Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsində təhsil alıb. 1985-1987-ci illərdə hərbi xidmətdə olub.
O, 1993-1994-cü illərdə Prezidentin İcra Aparatında İnformasiya-analiz xidmətinin baş məsləhətçisi, 1994-1997-cı illərdə Azərbaycan Respublikasının Rusiyadakı səfirliyinin əvvəlcə üçüncü, sonra ikinci, ardınca birinci katibi işləyib.
Rəhman Mustafayev 1997-1999-cu illərdə Dövlət Əmlak Komitəsinin Xarici əlaqələr şöbəsinin müdiri olub. 2000-2006-cı illərdə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyində müşavir vəzifəsini tutub. 2006-cı ilin may-noyabr aylarında Xarici İşlər Nazirliyinin birinci ərazi idarəsinin direktor müavini olub.
Diplomat 2006-cı ilin noyabrından 2009-cu ilədək Xarici İşlər Nazirliyinin birinci ərazi idarəsinin direktoru vəzifəsini tutub.
Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu ilin oktyabrında imzaladığı sərəncamla Rəhman Mustafayev Azərbaycan Respublikasının Yunanıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. 2017-ci ildə Yunanıstan Respublikasındakı və eyni zamanda Albaniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb, Fransaya fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Rəhman Mustafayev 17 oktyabr 2022-ci ildən indiyədək Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri çalışıb.
İngilis, fransız, rus və ərəb dillərini bilir.
Şərhlər