Xəbər lenti

Baş rejissorun qızı: “Atam bir gecə dedi ki, “Prokuror”un paltarını mənə geyindirin...”
Sənət 17:04 23.07.2024

Baş rejissorun qızı: “Atam bir gecə dedi ki, “Prokuror”un paltarını mənə geyindirin...”

"İki ildir ki, atam aramızda yoxdur, amma bu gün də onun yolunu gözləyirəm. Bəlkə gələr deyə hər gün qapıdan boylanıram”.

Bunu Qaynarinfo-ya açıqlamasında Lənkəran Dövlət Dram Teatrının baş rejissoru, mərhum Oruc Qurbanovun qızı Miranda Qurbanova deyib. O, atasının nəinki sağlığında, hətta dünyasını dəyişəndən sonra da gördüyü haqsızlıqlardan danışıb: 

"Atam mənim üçün ölməyib. Bunu atamı itirdikdən sonra anladım. Atam hər şeyim idi. Anamla bölüşmədiyim sirri atama deyirdim. Biz ata-bala deyil, yaxşı sirdaş, dost olmuşuq. Atamın sağlığında bu evə gəlib-gedənlərin sayı çox idi, amma atam dünyasını dəyişəndən sonra onların əksəriyyəti bu qapıdan içəri girmədi. Bu gün atamın 75 illik yubileyidir. Hər yerdə sənət adamlarının 75 illik yubileyi qeyd edilir. Amma atam nə 70 illik yubileyində, nə də indi yada düşdü. Hələ bu günə kimi onun çalışdığı, tamaşalar qoyduğu teatr ocağının birindən onun yubileyi ilə maraqlanan olmayıb. 70 illik yubileyi də belə oldu. Hələ onda atam sağ idi. Heç çalışdığı Lənkəran Dövlət Dram Teatrının o vaxtkı rəhbərliyi də onu yubiley münasibəti ilə təbrik etmədi. Atam bunları görürdü. Amma dinmirdi, danışmırdı... Hiss edirdim ki, ona qarşı münasibət xətrinə dəyib. Onun bir yubiley qədər hörməti yox idi? Bir tədbir nə idi ki, onun adını tutmadınız? İndi atamın 75 illik yubileyidir. Azərbaycan teatr sənətində bu qədər xidmətləri olan bir rejissoru görməzlikdən gəlmək olmaz”.
 


Miranda Qurbanova Oruc Qurbanova qarşı haqsızlığın səbəbini bilmədiyini vurğulayıb:

"Atama haqsızlıq edildi. Amma səbəbini hələ də bilmirəm. Ona qarşı biganəlik, laqeyidlik atamı Bakıdan yavaş-yavaş uzaqlaşdırdı. Bir dəfə Bakını rayona dəyişməsinin səbəbini soruşduq. Deyirdi, Bakıda istədiyi tamaşanı qoya bilmir. Mane olurlar. Bəlkə rayon teatrlarında istədiyi əsərlərə quruluş verə bilə. Bu arzu ilə də Bakıdan Lənkərana daşındı”.

Oruc Qurbanovun ən böyük arzusu "Prokuror” əsərinə quruluş vermək olub:

"Tamaşanı qoydu da... Əsərin məşqlərinə təzə başlamışdı ki, xəstələndi. Teatra gedib-gələ bilmədi, tamaşanın məşqləri yarımçıq qaldı. Gördü ki, teatra gedib-gələ bilmir, tamaşanı verdi teatrın baş rejissoru Anar müəllimə. Atam deyirdi ki, "özü necə istəyir, elə də qoysun, ona mane olmayın”. Doğrudan da Anar müəllim tamaşanı necə istədisə, elə də hazırladı. Atam son günlərini yaşayırdı. Gecənin birində dedi ki, mənim paltarımı geyindirin. "Prokuror” tamaşasında geyinəcəyi paltarını geyindirdik. Səhərə kimi tamaşanın məşqlərini elədi. Elə onunla da gözlərini yumdu”.

Qeyd edək ki, Lənkəran Dövlət Dram Teatrının baş rejissoru Oruc Qurbanov 2022-ci ildə 73 yaşında vəfat edib.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->