Ölkə 13:56 24.11.2022

"Biz Bizə"də qızlara qonaqlıq verdi, hesabı ödəyə bilmədi, həbs olundu - Tağı Əhmədovun oğlundan qərar

Bakıdakı "Biz Bizə” restoranında hesabı ödəməyə bilməyən müştəri həbs edilib.

Qaynarinfo-nun məlumatına görə, bir neçə gün əvvəl Adil (şərti) adlı şəxs "Biz Bizə” restoranında xanım tanışları ilə yemək yeyib. Gecə saat 22.30 radələrində xanım tanışlarını restorandan yola saldıqdan sonra 140 manat hesabı ödəyə bilməyəcəyini bilən müştəri bu barədə administratoru məlumatlandırıb. Lakin administrator bununla razılaşmayaraq, ödənişi tələb edib. 

Çıxılmaz vəziyyətdə qalan müştəri yüksək səslə restoranın personalına qarşı nalayiq ifadələr işlədib, ətrafda olan digər müştərilərin diqqətini cəlb edib. Yaranmış vəziyyətdən narahatlıq keçirən restoran administratoru DİN-nin 102 qaynar xəttinə müraciət edib. O, polis şöbəsinə aparıldıqdan sonra borcunun ödənilməsi üçün vaxt verilməsini xahiş edib.

Lakin işçiləri təhqir etməklə xırda xuliqanlıq etdiyi üçün polis şöbəsində barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati protokol tərtib olunub və məhkəməyə çıxarılıb. "Bakı Metropoliteni"nin sabiq rəisi Tağı Əhmədovun hakim oğlu Rauf Əhmədovun qərarı ilə həmin şəxs 10 sutka həbs alıb.

Əhməd