Siyasət 16:10 23.02.2024

Bölgədə yeni savaş senarisi: Hindistanın Ermənistanla yaxınlaşması nə vəd edir?

Ermənistan Hindistana ölkəni Avropa ilə birləşdirən alternativ ticarət yolunun formalaşmasında öz dəstəyini təklif edib. Bunu ANI agentliyinə Nyu-Dehlidə keçirilən "Raisina dialoqu" beynəlxalq politologiya konfransında iştirak edən ölkənin əmək və sosial məsələlər naziri Narek Mkrtçyan deyib. 

"Ermənistan Hindistana, xüsusən də Avropa ilə alternativ dəniz ticarət marşrutu təklif etmək üçün strateji mövqeyə malikdir", deyə o bildirib. Onun sözlərinə görə, bu, bir çox  ölkələrin, o cümlədən Hindistanın Qırmızı dənizdən keçən ticarət gəmilərinə hücumların çoxluğunu nəzərə alaraq, Avropa və Qərblə ticarət üçün alternativ dəniz yolları axtardığı bir vaxtda vacibdir. 

"Ermənistan  hökuməti Şimal-Cənub Nəqliyyat Dəhlizi (INSTC), Qara dənizdən keçən nəqliyyat, həmçinin tranzit dəhlizi və Hindistan və İran arasında birgə layihəsi olan Çabahar limanının inkişafı kimi iri regional və qlobal layihələrdə tərəfdaşlıq yaratmağa sadiqdir", deyə nazir bildirib.

Konfliktoloq Azər Hüseynov Qaynarinfo-ya açıqlamasında bildirib ki, son zamanlar Ermənistanın Qərb ilə yaxınlaşması regionun iki böyük oyunçusunu narahat edir:



"Bunlar Rusiya və İrandır. Rusiyanın Ermənistanda və bölgədə hərbi gücü var. Eyni zamanda, Ermənistan hərbi istibleşmentində adamlarını yerləşdirib. Rusiyada on minlərlə erməni əmək miqrantı var. İran özünün Qərblə əhatə edilməsinin qəti əleyhinədir. Paşinyan isə son zamanlar Rusiya və İranla latent problemlər yaşayır. Azərbaycan isə tam əksinə son zamanlar Rusiya və İranla münasibətləri normallaşdırır". 

Azər Hüseynov bildirib ki, Pakistan Hindistanın əzəli rəqibidir:

"Hindistanın Ermənistanla yaxınlaşmasının fəsadlarını zərərsizləşdirən amillər Azərbaycan-Türkiyə qardaşlığı və birgə fəaliyyəti, Azərbaycan-Türkiyə-Pakistan üçlüyü, Rusiya və İranın bölgədə xaric oyunçu görmək istəməməsidir. Ermənistan və Hindistan əməkdaşlığı ermənilər üçün sadəcə ehtiyat kartdır. Hindistanın bura təsiri ancaq Ermənistana bir az silah satmaqla olar. Ermənilər də bunu bilir və "Cimi"nin ölkəsindən bir az şantaj kimi istifadə etməyə çalışırlar. Amma ciddi bir nəticə gözləmirəm".

Siyasət şöbəsi