ABŞ prezidenti Donald Tramp administrasiyasının İrana qarşı hərbi əməliyyatların genişləndirilməsi, o cümlədən Xark adasının ələ keçirilməsi ehtimalını müzakirə etməsi regionda gərginliyi yenidən artırıb.
Belə bir ssenarinin mümkün nəticələrini Qaynarinfo-ya konfliktoloq Azər Hüseynov şərh edib. Ekspert hesab edir ki, hadisələrin bu istiqamətdə inkişafı təkcə ABŞ və İran arasında qarşıdurma ilə məhdudlaşmayacaq, bütün Yaxın Şərqin təhlükəsizlik mühitinə və qlobal iqtisadiyyata ciddi təsir göstərəcək.
- ABŞ-ın mümkün hərbi əməliyyatı regiona necə təsir edə bilər?
- ABŞ-ın İranın ərazi bütövlüyünə qarşı genişmiqyaslı hərbi əməliyyata başlaması region üçün olduqca ağır nəticələr doğura bilər. ABŞ-ın Əfqanıstan, İraq və Vyetnam kimi ölkələrdə apardığı uzunmüddətli hərbi kampaniyaların təcrübəsi göstərir ki, belə münaqişələr həm böyük insan və maliyyə itkiləri yaradır, həm də son nəticədə hərbi məqsədlərə nail olmağı çətinləşdirir. İrana qarşı mümkün əməliyyat iki ölkə arasında lokal qarşıdurma ilə məhdudlaşmaya bilər. Bu, bütün Yaxın Şərqi əhatə edən daha genişmiqyaslı münaqişəyə çevrilə bilər. İran öz hərbi strategiyasına uyğun olaraq regional müttəfiqləri və ona yaxın silahlı qruplar vasitəsilə cavab verməyə çalışacaq. Digər tərəfdən, ABŞ da İrana qarşı mövqe tutan regional tərəfdaşları ilə əməkdaşlığını daha da gücləndirə bilər. Xüsusilə Suriyada fəaliyyət göstərən anti-İran qüvvələrinin daha fəal dəstəklənməsi ehtimalı mövcuddur. Bu isə onsuz da həssas olan təhlükəsizlik mühitini daha da mürəkkəbləşdirəcək.
- Xark adasının hədəfə alınması dünya iqtisadiyyatına necə təsir göstərə bilər?
- Xark adası İranın neft ixracının əsas mərkəzidir. Bu ərazi üzərində nəzarətin itirilməsi qlobal enerji bazarında ciddi sarsıntılar yarada bilər. Belə bir ssenari neft qiymətlərinin kəskin bahalaşmasına, enerji daşımalarında problemlərə və beynəlxalq tədarük zəncirinin pozulmasına səbəb ola bilər. İran bunu iqtisadi təhlükəsizliyinə ağır zərbə kimi qiymətləndirərsə, cavab addımları ata bilər. Bu zaman Fars körfəzindəki enerji infrastrukturu, neft terminalları, dəniz nəqliyyatı marşrutları və ABŞ-ın bölgədəki iqtisadi maraqları potensial risk zonasına çevrilə bilər. Belə bir qarşıdurmanın nəticələri yalnız İran və ABŞ-la məhdudlaşmayacaq. Enerji bazarlarında qeyri-müəyyənliyin artması və neft qiymətlərində kəskin dəyişikliklər dünya iqtisadiyyatına da mənfi təsir göstərəcək.
- İranın əsas cavab variantları nələr ola bilər?
- İranın cavabı bir neçə istiqamətdə ola bilər. İlk növbədə, ABŞ-ın Yaxın Şərqdə yerləşən hərbi bazaları və Vaşinqtonun regional müttəfiqlərinin strateji obyektləri potensial hədəfə çevrilə bilər. Bununla yanaşı, enerji infrastrukturuna zərbələr endirilməsi və Hörmüz boğazında gəmiçiliyin məhdudlaşdırılması ehtimalı da nəzərdən keçirilən əsas ssenarilər sırasındadır. İranın regional müttəfiqlərinin - Yəməndə husilərin, İraqda İrana yaxın silahlı qrupların və Livanda "Hizbullah"ın prosesə qoşulması münaqişənin coğrafiyasını daha da genişləndirə bilər. Bu halda qarşıdurma artıq iki dövlət arasında deyil, çoxsaylı aktorların iştirak etdiyi regional müharibə xarakteri alacaq. İranın əsas üstünlük verəcəyi strategiyalardan biri də assimetrik müharibə olacaq. Bu strategiyanın məqsədi hərbi baxımdan daha güclü rəqibin üstünlüklərini zəiflətməkdir. Tarixi təcrübə göstərir ki, uzunmüddətli assimetrik münaqişələr böyük dövlətlər üçün ciddi siyasi, iqtisadi və hərbi xərclər yaradır. Qeyd etdiyim kimi, ABŞ-ın Vyetnam, İraq və Əfqanıstandakı təcrübəsi, eləcə də SSRİ-nin Əfqanıstan müharibəsi bunun ən bariz nümunələridir.
Siyasət şöbəsi
Şərhlər