Ölkə 11:07 29.06.2022

Bu günlər Kür Azərbaycana nə vəd edir: Sel-daşqın, yoxsa ruzi-bərəkət? - Ekspert

"Azərbaycanda su problemi var. Yağıntıların düşməsi su problemini qismən də olsa həll edəcək”.

Bunu Qaynarinfo-ya açıqlamasında Ekoloji İnformasiya İctimai Birliyinin sədr müavini, ekoloq Xosrov Musayev Kür çayının səviyyəsinin artmasından danışarkən deyib. Sədr müavininin sözlərinə görə, Kürün səviyyəsinin artması heç bir narahatlığa səbəb ola bilməz:

"Yağıntıların çox olması Kür çayının səviyyəsinin artmasına səbəb olub. Kürün səviyyəsi əvəllər çox düşmüşdü. Suyun səviyyəsinin artması bizim xeyrimizədir. Hazırda kənd təsərrüfatı bitkilərinin suya təlabatı çoxdur. Suyun bol olması məhsulun bol olmasıdır”.

Xosrov Musayev əvvəllər su daşqınlarının olduğunu xatırladıb:

"Amma Kürdə suyun səviyyəsinin artması daşqına səbəb ola bilməz. Hazırda havalar isti keçir, buxarlanma çoxdur. Digər tərəfdən kənd təsərrüfatı bitkilərinin suya ehtiyacının çox olan vaxtıdır. Kürün suyundan çox istifadə olunacaq. Buna görə də daşqına səbəb ola biləcək səbəb görmürəm”. 

Xosrov Musayev suyun səviyyəsinin bu yay enməyəcəyini vurğulayıb:

"Qabaqda bizi nə gözləyir, bilmirik. Yağıntıların illik norması var, biz onu qışda gözləyirdik, amma bu olmadı. İndi həmin nomalar gözlənilmədən yazda düşdü. Əslində qışda deyil, indi düşməsi daha məsləhətlidir”.

Bahar Rüstəmli