Dünya 17:12 14.05.2022

Bu xarici banklar sanksiyalarla üzləşəcək - ABŞ-dan sərt xəbərdarlıq

ABŞ Maliyyə Nazirliyi xarici banklarla görüşərək onlara xəbərdarlıq edib ki, Rusiya Federasiyasına sanksiyalardan yan keçməyə kömək edən banklar ABŞ və Avropanın sanksiyaları təhlükəsi ilə üzləşəcəklər.

Qaynarinfo xəbər verir ki, bu barədə "The New York Times” yazıb.

Xüsusilə, ABŞ maliyyə nazirinin müavini Adevale Adeyemo Çin, Braziliya, İrlandiya, Yaponiya və Kanadanın beynəlxalq banklarının nümayəndələri ilə qapalı görüşlər keçirib.

"Sanksiyaya məruz qalan şəxslərə və ya təşkilatlara maddi dəstək göstərsəniz, biz sanksiyalar rejimini sizə aid edə bilərik və sizə təzyiq göstərmək üçün alətlərimizdən istifadə edə bilərik”, - deyə Maliyyə Nazirliyinin rəsmisi bildirib.

O vurğulayıb ki, Rusiyaya yardım ediləcəyi halında bu banklar da sanksiyalar subyektinə maddi dəstək verdiyinə görə ABŞ sanksiyalarına düşə bilər.

Maliyyə nazirinin müavini rusiyalı iş adamlarına yaxtalarını gizlətmək cəhdlərində kömək edə biləcək şirkətlərin adlarını açıqlayıb.

Qeyd edilir ki, yurisdiksiyaların əksəriyyəti məhdudlaşdırıcı tədbirlərə əməl edir, lakin bəziləri Rusiya aktivlərini gizlətməkdə davam edir. Xüsusilə Birləşmiş Ərəb Əmirliklərinin adı çəkilir. Qəzetin yazdığına görə, Dübayda bir neçə rusiyalının yaxtası dayanıb.

Nizami Bağırov