
“Bulud İnşaat” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi (xarici valyuta vəsaitinin xaricə köçürülməsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasına görə məsuliyyət) ilə protokol tərtib edilib.
Qaynarinfo xəbər verir ki, iş materiallarına əsasən, şirkət tərəfindən 2024-cü ildə Azərbaycandan kənara 52 700 ABŞ dolları məbləğində vəsait köçürülüb. Köçürmə ilə bağlı sənədlərin araşdırılması zamanı həmin vəsaitin müqabilində idxalı təsdiq edən müvafiq sənədlərin banka təqdim edilmədiyi müəyyən olunub.
İşə Binəqədi Rayon Məhkəməsində baxılıb. Məhkəmə şirkəti inzibati xətanı törətməkdə təqsirli bilərək, köçürülmüş vəsaitin 20 faizi həcmində – 10 540 ABŞ dolları məbləğində cərimə tətbiq edib.
“Bulud İnşaat” MMC birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini istəyib.
Şirkət şikayətində bildirib ki, köçürülmüş 52 700 ABŞ dolları müvafiq malların alınması üçün avans şəklində ödənilib və həmin vəsaitin müqabilində mallar Azərbaycana idxal olunub. Bu halın təsdiqi kimi yük gömrük bəyannamələrinin iş materiallarına əlavə edildiyi qeyd olunub.
MMC-nin mövqeyinə görə, gömrük bəyannaməsində müqavilənin tarixi, nömrəsi və malların növü ilə bağlı uyğunsuzluq texniki səhvlə əlaqədar olub. Şirkət həmin səhvin aradan qaldırılması üçün Dövlət Gömrük Komitəsinə (DGK) müraciət etdiyini, lakin cavab məktubunun gecikdiyini bildirib.
Apellyasiya şikayətində vurğulanıb ki, sonradan gömrük bəyannaməsindəki yanlışlıq aradan qaldırılıb və elektron sistemə yenilənmiş bəyannamə daxil edilib. Şirkət bu əsaslarla inzibati xəta tərkibinin olmadığını iddia edib.
Birinci instansiya məhkəməsi qərarında qeyd edib ki, təqdim olunmuş gömrük bəyannaməsindəki müqavilənin tarixi və idxal edilmiş malların növü vəsaitin köçürülməsinə dair ərizəyə əlavə olunan müqavilədəki məlumatlarla uyğun gəlməyib.
Məhkəmənin bildirdiyinə görə, şirkət nümayəndəsi uyğunsuzluğun aradan qaldırılması üçün DGK-ya müraciət etdiyini desə də, baxışlar bir neçə dəfə təxirə salınmasına baxmayaraq, müqavilə nömrəsindəki yanlışlığın texniki səhv olduğunu təsdiqləyən sənəd və ya düzəliş edilmiş gömrük bəyannaməsi təqdim edilməyib.
İş materiallarında olan bank məktubunda və köçürmə ilə bağlı ərizədə də 52 700 ABŞ dollarının xaricə köçürüldüyü, lakin köçürmə üzrə idxalı təsdiqləyən müvafiq sənədlərin banka təqdim edilmədiyi göstərilib.
Apellyasiya instansiyası iş materiallarını araşdırdıqdan sonra şirkətin şikayətini təmin etməyib və Binəqədi Rayon Məhkəməsinin qərarını dəyişdirilmədən saxlayıb.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, “Bulud İnşaat” MMC 2023-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 manatdır. Hüquqi ünvanı Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Binəqədi şossesi, ev 10-da yerləşir. Şirkətin qanuni təmsilçisi Şükürov Şahin Rafiq oğludur.
Hazırda vergi sistemində şirkətin 95 090,33 manat vergi borcu olduğu göstərilir.
Seyid