İdman 17:13 27.03.2023

"Çelsi"dən ilk - iftar süfrəsi təşkil etdi

"Çelsi" İngiltərə Premyer Liqası tarixində ilkə imza atıb. 

Qaynarinfo-nun məlumatına görə, klub ev oyunlarını keçirdiyi "Stemford Bric"də iftar proqramı keçirib. "Ramazan Çadırı Layihəsi” ilə ölkədə ənənəvi hal alan "Açıq iftar” tədbirləri çərçivəsində ilk dəfə paytaxt Londondakı "Çelsi”nin stadionunda kollektiv iftar verilib.
 
Xeyriyyə təşkilatı "Ramazan Çadırı Layihəsi" ilə əməkdaşlıq çərçivəsində təşkil edilən tədbir yüzlərlə insanı iftar proqramı üçün bir araya gətirib. Stadionda keçirilən ilk tədbirdə "Çelsi" dərnəyinin prezidenti Saymon Teylor,  klubun ilk qaradərili futbolçusu Pol Kanoville və idarə heyətindən Lord Daniel Finkelstein də iştirak edib. 

"Çelsi" martın 14-də ilk dəfə olaraq "Stemford Bric"də iftar proqramı təşkil edəcəyini açıqlamışdı. "Çelsi"də çıxış edən Xalidu Koulibali və Uesli Fofana da klubun iftar proqramını dəstəkləyiblər. "Çelsi"nin bu təşəbbüsü sosial mediada böyük dəstək alıb. 

İngiltərədə 2013-cü ildən həyata keçirilən və bu il 10-cu ildönümünü qeyd edən "Ramazan Çadırı Layihəsi" çərçivəsində təşkil olunan açıq iftar proqramları ilə Ramazan ayı ərzində pulsuz iftar süfrəsi verilir.

Səbuhi Həsənov