İdman 16:00 28.11.2022

DÇ 2022: İran ABŞ-dən FİFA-ya şikayət etdi (FOTO)

Qətərədə keçirilən dünya çempionatında eyni qrupda yer alan və sabah yaşıl meydanda da üz-üzə gələcək İranla ABŞ arasında gərginlik indidən başlayıb.

Qaynarinfonun məlumatına görə cənub qonşularımız ABŞ-ın sosial şəbəkədəki paylaşımından FİFA-ya şikayət edib. Buna səbəb isə ABŞ-nın sosial media hesablarında qrupun vəziyyəti ilə bağlı paylaşımında İranın milli bayrağının respublikanın gerbi olmadan yaşıl, ağ və qırmızı rənglərlə göstərilməsidir. 

ABŞ tərəfi ölkədə insan haqları uğrunda mübarizə aparan qadınlara dəstək məqsədilə İranın rəsmi bayrağından istifadə etməmək qərarına gəldiklərini açıqlayıb. İranda hicab qaydalarını pozduğu iddiası ilə əxlaq polisi tərəfindən saxlanılan 22 yaşlı Məhsa Əmininin sentyabrda həbsdə ölməsindən sonra etirazlar alovlanıb.

İranın dövlət xəbər agentliyi İRNA FİFA-dan ABŞ-ın yarışdan çıxarılmasını və 10 oyunluq cəzalandırılmasını tələb edərək, "ABŞ-ın İnstaqram səhifəsi qeyri-peşəkar bir hərəkətlə İran bayrağından Allah simvolunu çıxardı. İran Futbol Federasiyası FİFA-dan ciddi bir cəza istəyib. ABŞ federasiyasına xəbərdarlıq e-poçt vasitəsilə göndərilib" - şəklində açıqlama verib.

BBC-də yer alan xəbərə görə, ABŞ tərəfinin sözçüsü postların götürüldüyünü və yerinə düzgün şəkildə İran bayrağının qoyulduğunu bildirib, lakin "Biz hələ də iranlı qadınları dəstəkləyirik” - ifadələrinə yer verib.

ABŞ və İran diplomatik münasibətləri 1980-ci ildə kəsib.

İki ölkə qrup mərhələsindəki son oyununda sabah üz-üzə gələcək. "Əl Tumama" stadionunda oynanılacaq və saat 23:00-da başlayacaq görüşü ispan Antonio Mateu idarə edəcək.

Qrup mərhələsinin ilk matçında İngiltərəyə 6:2 hesablı məğlub olan İran ikinci görüşdə Uelsi 2:0 hesabı ilə məğlubiyyətə uğradıb. 

Futbolçuların və azarkeşlərin DÇ-dəki oyunlar zamanı etirazlara dəstək verməsi İran millisinin oyunlarına damğasını vursa da, iki ölkə arasında yaşanan gərginlik səbəbindən ABŞ ilə qarşılaşma daha çox diqqət çəkir. 

Qrupda İngiltərə və Uels oyunlarından heç-heçə ilə ayrılan ABŞ mərhələ adlamaq şansını saxlamaq üçün mütləq qalib gəlməlidir. ABŞ üzərində qələbə qazanarsa, İran tarixində ilk dəfə 1/8 finala yüksələcək. Qarşılaşma heç-heçə ilə yekunlaşacağı təqdirdə İngiltərə - Uels matçının nəticəsi önəmli olacaq. İran və Uelsin qrupda orta hesabla -2 topu var. Növbəti mərhələyə adlamaq üçün Uels rəqibini böyük hesabla məğlub etməlidir. 
 



Səbuhi Həsənov