2026-cı il dünya çempionatının Norveç–İngiltərə arasında keçirilən 1/4 final qarşılaşmasında yaşanan və geniş müzakirələrə səbəb olan mübahisəli epizodun texniki səbəbləri ilə bağlı yeni iddialar irəli sürülüb.
Qaynarinfo xəbər verir ki, məlumata görə, "çipli top" texnologiyası topun havada hörümçək kameranı daşıyan kabelə toxunmasını qeydə ala bilməyib.
Məqalədə bildirilir ki, FIFA-nın "Top kabelə toxunmayıb, sensor heç bir təmas qeydə almayıb" açıqlaması sistemin işləmə prinsipi ilə bağlı ola bilər.
16 kamera saniyədə 50 dəfə məlumat toplayır
FIFA-nın rəsmi internet səhifəsində yer alan məlumata əsasən, çipli top texnologiyası topun daxilində yerləşən IMU sensoru və stadiona quraşdırılmış 16 xüsusi izləmə kamerası vasitəsilə fəaliyyət göstərir.
Sistem topu və futbolçuları eyni vaxtda izləyir, hər oyunçu üzrə 29 məlumat nöqtəsindən saniyədə 50 dəfə informasiya toplayır. Süni intellekt bu məlumatları emal edərək VAR sisteminə avtomatik xəbərdarlıqlar göndərir. Bununla belə, yekun qərarın hər zaman baş hakim tərəfindən verildiyi vurğulanır.
İddia: Problem proqram təminatındakı boşluqdur
Məqalə müəllifinin fikrincə, hadisənin əsas səbəbi proqram təminatının hazırlanması zamanı bəzi ssenarilərin nəzərə alınmaması ola bilər.
İddialara görə:
* Sistem əsasən futbolçuların topa toxunmasını və topun meydandakı hərəkətini izləmək üçün hazırlanıb.
* Topun qapı dirəyinə toxunması kimi ehtimallar nəzərə alınsa da, onun 40–50 metr hündürlüyə qalxaraq kabelə, quşa və ya drona toxunması ssenarisi proqram təminatında nəzərdə tutulmayıb.
* Bu səbəbdən həmin yüksəklikdə baş verən belə təmasları müəyyən edə biləcək kamera bucaqları və koordinat sərhədləri sistemə daxil edilməyib.
Hakim yekun qərarı verə bilərdi
Məqalədə qeyd olunur ki, FIFA texnologiyasının təsvirində yekun qərarın hər zaman hakimin səlahiyyətində olduğu göstərilir.
Müəllif hesab edir ki, Norveç futbolçularının, baş məşqçi Stole Solbakkenin və Erlinq Holandın etirazları nəzərə alınaraq epizod qısa müddətdə yenidən araşdırıla bilərdi. Onun fikrincə, belə hallarda əsas məqsəd vaxt itkisindən qaçmaq deyil, düzgün qərarın qəbul edilməsidir.
Aydın
Şərhlər