Ölkə 12:39 26.12.2023

Deputat Çəmənzəminlinin məzarını Şuşaya gətirməyi təklif etdi

"Yusif Vəzir Çəmənzəminli Şuşada anadan olub. Onun nəşini gətirib Şuşada dəfn etmək olar". 

Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.

"Yusif Vəzir Çəmənzəminli Azərbaycan Xalq Cümhuriyyətinin Türkiyədə ilk səfiri olub. Bir sıra müdhiş romanların müəllifidir, gözəl esseləri var", deyə deputat bildirib.

Fazil Mustafa deyib ki, Çəmənzəminli məzarı Rusiya ərazisində dəfn olunub:

"Onun məzarının yeri təqribən bəllidir. İndi Rusiya ilə münasibətlərimiz normaldır, müstəqil dövlətik. Onun nəşini gətirib Şuşada dəfn etmək olar. Biz Qarabağa yalnız insanları deyil, həm də bizim tariximizdə rol alan, müstəqilliyimiz uğrunda savaşmış insanların ruhlarını qaytarmaq barədə düşnməliyik. Yusif Vəzir Çəmənzəminli kimi böyük şəxsiyyətin nəşinin Azərbaycana qaytarılmasını xahiş edərdim".

Qeyd edək ki, Yusif Vəzir Çəmənzəminli 1887-ci il sentyabr ayının 12-də Şuşa şəhərində anadan olub. 1919-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin Türkiyədə ilk səfiri olub. 18 yanvar 1926-cı ildə Parisdən Azərbaycana qayıdıb. 1937-1938-ci illərdə represiyaya məruz qalan Azərbaycanın bir qrup elm və mədəniyyət xadimlərindən Bəkir Çobanzadə, Nurməmməd bəy Şahsuvarov, Hənəfi Zeynallı, Hacıbaba Nəzərli və başqalarının verdikləri ifadələr əsasında 1940-cı il yanvar ayının 25-də Yusif Vəzir Urgəncdə həbs edilib Bakıya gətirilir. O, 6 aya yaxın Keşlə həbs düşərgəsində saxlanıldıqdan sonra 1940-cı ilin iyul ayının 3-də Nijni Novqorod vilayətinin Suxobezvodnaya stansiyasındakı həbs düşərgəsinə göndərirlər. 

Yusif Vəzir Çəmənzəminli 1943-cü il yanvar ayının 3-də Nijni Novqorod vilayətinin Suxobezvodnaya stansiyasındakı həbs düşərgəsində vəfat edib. Səhəri gün - 1943-cü il yanvarın 4-də Yusif Vəzir Çəmənzəminli Betluqa çayının sahilindəki qəbiristanlıqda dəfn olunur. 1956-cı ildə Yusif Vəzirə bəraət verilib.

Qafqaz Rafiqoğlu