Ekonomiks 09:40 29.04.2022

Dərmanların qiymət tənzimlənməsində hansı dəyişikliyə ehtiyac var? - Ekspert rəyi

"İdxal edilən dərmana tətbiq edilən gömrük rüsumları kifayət qədər aşağı salınmalıdır”.

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert İlqar Hüseynli dərman vasitələrinin qiymətinin tənzimlənməsi istiqamətində hansı dəyişikliklərin edilməsinin vacibliyindən danışarkən deyib:

"Dərmanların qiymətini tənzimləyən qurum Taarif Şurasıdır. Bu qurum Azərbaycana idxal olunan 13 minə yaxın dərman preparatına vahid qiymət qoyub. Amma vahid qiymət müəyyən edilərkən, idxalçı şirkəti təyin etdiyi qiymətlə Gömrük Komitəsinə daxil olan qiymətlər arasındakı tənzimləməni tam dəqiqləşdirmək lazımdır ki, sahibkar az da olsa qazanc əldə edə bilsin. Habelə, Azərbaycanda qıtlığı yaranan dərmanların qiymətinə yenidən baxış keçirməklə şirkətlər tərəfindən onların gətirilməsinə nail olmaq lazımdır. Gətirilən dərmanlara görə idxalçılar, topdansatış şirkətləri və apteklər üçün müəyyənləşən 20 faizlik gəlirlərə isə toxunulmamalıdır. Əks halda, onların bu sahə ilə məşğul olmağa marağı olmayacaq”.

Digər tərəfdən, ekspert bildirir ki, dərmanlara tətbiq olunan gömrük rüsumları kifayət qədər azaldılmalıdır:

"Gömrük rüsumaları təxminən 35-40 faizə çatır. Bu rüsumu minimuma endirərək, 10-15 faiz civarında saxlamaq olar. Bir sıra hallarda şirkətlər həkimlərlə sövdələşərək dərman preparatları üçün gətirilərək apteklərdə satılan bioloji aktiv əlavələrin qiymətini 20-30 faizə qədər qaldırırlar. Məsələn, "Novator” şirkətinin idxal etdiyi və maya dəyəri 2-3 manat olan qida əlavələrinin 25-30 manatdan aşağı qiyməti yoxdur”.

İ. Hüseynli qeyd edir ki, dərman preparatlarının Səhiyyə Nazirliyində qeydiyyatı proseduru da sadələşdirilməlidir:

"Bir sıra hallarda dərmanların qeydiyyatı 6 ay-1 il, hətta bəzən il yarım vaxt aparır. Bu süründürməçiliyə də son verilməlidir”.

Rüfət Sultan