Xəbər lenti

Bir şərtin yerinə yetirilməsi Rusiyanı razı salacaqmı? (ŞƏRH)
Dünya 17:45 30.05.2025

Bir şərtin yerinə yetirilməsi Rusiyanı razı salacaqmı? (ŞƏRH)

"Rusiya digər tələblərinin yerinə yetirilməyəcəyi təqdirdə sadəcə, NATO ilə bağlı bir şərtinin yerinə yetirilməsiylə barışmayacaq"
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Əlimusa İbrahimov Donald Trampın xüsusi nümayəndəsi Keyt Kelloqun Ukraynanın NATO-ya daxil olmasının gündəmdə olmadığı barədə bəyanatını şərh edərkən deyib.

Əlimusa İbrahimov bildirib ki, Rusiya Ukraynaya növbəti görüşün iyunun 2-də İstanbulda kerçirilməsi barədə təklif verib:

"Ukrayna tərəfi isə bu təklifin qəbul olunub-olunmaması barədə hələ ki, heç bir məlumat verməyib. Əslində, növbəti görüşün keçirilməsi ilə bağlı tərəflər arasında fikir ayrılığı mövcuddur. Ukrayna Rusiyanın artıq müzakirə edilmək üçün hazırladığı memorandumun görüşdən bir neçə gün öncə onlara təqdim olunmasını tələb edir. Rusiya isə hazırladığı sənədi yalnız görüş zamanı müzakirəyə təqdim edəcəyini bildirir".


 
Ekspert qeyd edir ki, Rusiya tərəfi atəşkəsə razılaşmaq üçün bu fonda onu nə gözlədiyi barədə xəbərdar olmaq istəyir:

"Yəni Kreml Ukrayna ilə münasibətdə irəli sürdüyü şərtlərin hansı formada yerinə yetiriləcəyinin öncədən bilmək istəyir. Onun şərtləri isə aşağıdakılardan ibarətdir: Ukraynanın NATO-ya qəbul olunmaması, işğal etdiyi torpaqların (bu artıq Ukrayna ərazisinin 25 faizini təşkil edir) Rusiyanın ərazisi kim tanınması, Ukrayna ordusunun həcminin 30 mindən yuxarı olmaması, NATO ölkələrinin Ukrayna ordusunun silahlanmasına yardım etməməsi və sair. Göründüyü kimi, Ukraynanın NATO-ya qəbul edilməməsi məsələsi Rusiyanın tələb etdiyi şərtlərdən sadəcə biridir".

Bu əsasda həmsöhbətimiz düşünür ki, digər şərtlərin yerinə yetirilməyəcəyi təqdirdə Rusiyanın sadəcə NATO ilə bağlı bir şərtinin yerinə yetirilməsiylə razılaşacağı gözlənilən deyil:

"Düşünürəm ki, NATO ilə yanaşı Rusiya atəşkəsə razılıq vermək üçün digər tələblərinin də yerinə yetirilməsinə nail olmağa çalışacaq. Bunlar olmadan Rusiya çətin ki, atəşkəsə getsin".

Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Keyt Kelloq Ukraynanın NATO-ya daxil olmasının gündəmdə olmadığını deyib. O, qeyd edib ki, Rusiyanın NATO-nun şərqə doğru genişlənməsi ilə bağlı narahatlığı haqlıdır: "Bu, müharibənin dayandırılması üçün şərt olarsa, ABŞ Putinlə Alyansın bu istiqamətdə genişlənməməsi tələblərini müzakirə etməyə hazırdır".

Xatırladaq ki, Kiyevin NATO-ya daxil edilməməsi, ümumiyyətlə, blokun Şərqə doğru genişlənməsinin dayandırılması Rusiyanın başlıca tələblərindən biridir. Ancaq bu yeganə tələb deyil. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->