Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən Kühüldağ zirvəsinin ərazisi aktiv şəkildə satılır.
Qaynarinfo xəbər verir ki, bu barədə insanoid.com saytına alpinist və qayaya dırmaşma üzrə məşqçilərdən ibarət bir qrup idmançı məlumat verib.
Onların sözlərinə görə, bir neçə gün əvvəl bu dağ ərazisi qayaya dırmaşma festivalına ev sahibliyi edib.
"Bu tədbiri dağın qanunsuz tikintidən, qaya məhvindən və ətraf mühitin çirklənməsindən qorunması üçün keçirdik. Məqsədimiz bu ərazinin idmançılar üçün qorunmasına dəstək vermək və ictimaiyyətin diqqətini problemin həllinə yönəltmək idi. İdmançılar qayaların üzərindəki yazıları, hisləri və zibilləri təmizləmək üçün iməciliklər keçirirdi,” – deyə idmançılar bildiriblər.
Qeyd edilib ki, qayaya dırmaşma alpinizmin mühüm tərkib hissəsidir və təbii qayalıqlarda məşqlər bu sahədə peşəkarlığın artması baxımından vacibdir. Alpinistlər Federasiyasının dəstəyi ilə köhnə sığorta nöqtələri yenilənib, yeni marşrutlar salınıb. Xatırladaq ki, qayaya dırmaşma artıq bir neçə ildir ki, olimpiya idman növü statusuna malikdir.
Lakin bütün bu səylərə baxmayaraq, yaxınlarda dağın zirvəsində qaya dağıdan buldozerlər müşahidə olunub. Alpinistlər Federasiyasının prezidenti Muxtar Babayev bu tikinti işlərinin dayandırılması üçün Sabunçu Rayon İcra Hakimiyyətinə rəsmi müraciət göndərsə də, Kühüldağda işlər davam edir.
Daha da narahatedici məqam: onlayn əmlak saytlarında dağın zirvəsində yerləşən 7 sot torpaq sahəsi 350 min manata satışa çıxarılıb.
Alpinistlərin sözlərinə görə, Kühüldağ — Bakıda təbii qaya relyefi üzərində məşq və yarışların keçirilə bildiyi yeganə məkandır.
Məsələnin hüquqi tərəfini araşdırmaq məqsədilə media nümayəndələri əmlakı satışa çıxaran maklerlə əlaqə saxlayıblar. O, torpağın "kupçası” olduğunu bildirsə də, onu təqdim etməyib.
Bununla yanaşı, Sabunçu Rayon İcra Hakimiyyətinə, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə və digər aidiyyəti qurumlara rəsmi sorğular göndərilib — dağın idman məqsədilə istifadə olunan və şəhər üçün əhəmiyyətli olan bu təbii ərazisinin satışının hüquqi əsası olub-olmadığı aydınlaşdırılmağa çalışılır.
Şərhlər