Ölkə 17:55 25.06.2022

Ədliyyə orqanlarına qəbulla bağlı növbəti test imtahanının vaxtı açıqlandı

Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyası bildirir ki, bölgələrdə yerləşən nazirliyin icra və probasiya, habelə qeydiyyat qurumlarının (Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu istisna olmaqla) hazırlıqlı gənc hüquqşünaslarla komplektləşdirilməsi məqsədilə davam edən müsabiqə üzrə müvafiq sayda namizəd qrupu formalaşdıqca test imtahanları keçirilir.

Nazirlikdən Qaynarinfo-ya verilən məlumata görə, bununla bağlı bu ilin iyul ayının 7-də Dövlət İmtahan Mərkəzi ilə birlikdə namizədlərlə növbəti test imtahanı keçiriləcəkdir.

Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi 28 ünvanında yerləşən inzibati binasında saat 10:00-da başlanacaq imtahanda buraxılış rejiminin və yerləşdirilmənin təmin olunması üçün namizədlər azı 1 saat əvvəl gəlməli və şəxsiyyət vəsiqəsini mütləq təqdim etməlidirlər. Şəxsiyyət vəsiqəsi olmadıqda namizəd imtahana buraxılmır.

Qaydalara əsasən, test imtahanının nəticəsinə görə 55 və daha artıq bal toplamış namizədlərin zəruri sənədlərini təqdim etməsi, həmçinin onların yoxlanılması bu mərhələdən sonra həyata keçiriləcək və qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər müsabiqənin ikinci mərhələsinə – söhbətə buraxılacaqlar.
Qeyd olunur ki, namizədlər müsabiqənin keçirilməsi ilə bağlı zəruri metodiki vəsaitlərlə nazirliyin internet səhifəsində "Qulluğa qəbul" bölməsində və elektron kabinetlərində tanış ola bilərlər. Bu sənədlər habelə, yerli ədliyyə qurumlarına müraciət edənlərə təqdim olunur.

Müsabiqədə iştirak edən hüquqşünaslar üçün test imtahanına və söhbət mərhələsinə mükəmməl hazırlaşmalarına və yüksək nəticələr əldə etmələrinə köməklik məqsədilə nazirliyin Ədliyyə Akademiyasında davamlı hazırlıq kursları keçirilir (Bakı şəhəri, Vidadi küçəsi 158, telefon: 493-71-31).

Eyni zamanda bildirilir ki, hazırda müsabiqədə iştirakla bağlı ərizə qəbulu davam edir və nazirliyin bölgələrdəki yerli qurumlarında işləmək arzusunda olan ali hüquq təhsilli Azərbaycan Respublikasının vətəndaşları müraciət edə bilərlər (www.exidmet.justice.gov.az). Xatırladırıq ki, namizədin yalnız elektron ərizə ilə müraciət etməsi kifayətdir. Ərizələr poçt vasitəsilə də göndərilə bilər (Bakı şəhəri, İnşaatçılar prospekti 1).

Əlavə məlumatları nazirliyin internet səhifəsindən (www.justice.gov.az), eləcə də (012) 538-01-62, (012) 538-08-85 nömrəli telefonlar vasitəsilə əldə etmək mümkündür.
İmtahan binasına getmək üçün naviqasiya məlumatları nazirliyin internet səhifəsində yerləşdirilib.