Maqazin 14:37 17.05.2023

Əməkdar artist sənət dostlarını ittiham etdi: "Şayiələri onlar yayır"

"İstər Cavanşir Məmmədov olsun, istərsə də mən olum, önəmi yoxdur, hər ikimizin haqqında yayılan böhtanların arxasında sənət adamları durur”. 

Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Firuzə İbadova mətbuatda səhhətinin pisləşməsi ilə bağlı gedən məlumatlara aydınlıq gətirərkən deyib. Müğənni bu xəbərlərin musiqiçilər tərəfindən yayıldığını qeyd edib:

"Bir balaca soyuqlamışdım, onu şişirdib nə boyda bir məlumat ediblər. Məndən bir az sonra da Əməkdar artist Cavanşir Məmmədovla bağlı yazıblar ki, guya toydan çıxanda yıxılıb ölüb. Ayıbdır, utanmırlar, insan da insan barəsində  belə yalan məlumat yayar? Görün, bunlar nə qədər vicdansızdırlar. Bunu musiqiçilər qəsdən edir”. 

Firuzə İbadova hesab edir ki, onların hər ikisinin səhhətində yaranan problemlər adi insanların maraq dairəsində deyil:

"Bunları ancaq sənət adamları edir. Özü də paxıllıqdan. Biz heç kimin işinə qarışmırıq. Amma belə də olmaz. Qoy, özümü toparlayım, cavablarını alacaqlar”. 

Qeyd edək ki, iki gün bundan öncə Əməkdar artist Firuzə İbadovanın səhhətində problemlər yaranması ilə bağlı məlumat yayılıb. Məlumatda müğənninin "Səhər mərkəzi" verilişinə dəvət olunsa da səhhətindəki problemlə əlaqədar gedə bilmədiyi qeyd olunub. 

Bahar Rüstəmli