Dünya 17:15 28.04.2022

Ərdoğan Səudiyyə Ərəbistanına səfər edəcək – Buzlar əriyir?

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Səduiyyə Ərəbistanına səfəri gerçəkləşəcək. 

Qaynarinfo "Aljazeera” saytına istinadla xəbər verir ki, bu barədə Türkiyə mətbuatı xəbər verib.

Səfər çərçivəsində Ərdoğanın Səudiyyə Ərəbistanının de-fakto idarəedicisi Məhəmməd Bin Salmanla görüşəcəyi bildirilir. 

İki ölkə arasında münasibətlər Səudiyə Ərəbistanının tənqidçi jurnalist Qaşıqçının İstanbuldakı Səudiyyə konsulluğunda öldürülməsindən sonra pisləşib. Bu səfər iki ölkə arasındakı münasibətlərdə dönüş hesab edilir. 

"Səfər çərçivəsindəki baş tutacaq danışıqlarda, Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında münasibətlərin bütün aspektləri nəzərdən keçiriləcək, iki ölkə arasındakı əməkdaşlığı artırmaq məqsədilə atılmalı olan addımlar müzakirə olunacaq”, - Türkiyə Prezident Ofisinin açıqlamasında deyilir. 

Türkiyə iqtisadi problemlərdən çıxış yolu kimi Səudiyyə Ərəbistanı ilə münasibətləri qaydasına qoymağa çalışır.

Türkiyə bu ay jurnalist Camal Qaşıqçının öldürülməsində ittiham olunan 26 səudiyyəlinin məhkəmə işini dayandırıb. Bu, iki ölkə arasında münasibətlərin bərpa edilməsi yönündə əsas maneə idi.

Qətlin baş verdiyi 2018-ci ildə Ərdoğan Qaşıqçının öldürülməsi əmrinin Səudiyyə hökumətinin ən yüksək daiərələrindən gəldiyini demişdi. Buna cavab olaraq Səudiyyə Türkiyə mallarına boykot elan etmişdi. 

İndi isə Türkiyə körfəz ölkələr ilə münasibətləri normallaşdırmaq çərvivəsində Səudiyyə Ərəbistanı ilə də münasibətləri bərpa etməyə qərar verib. 
Bununla Türkiyə Səudiyyə daxil olmaqla zəngin körfəz ölkələrindən Türkiyə iqtisadiyyatına yatırımlar cəlb etməyi hədəfləyib. 

Nurlan Hüseynov