Dünya 18:29 01.10.2023

Ərdoğan: "Türkiyənin Aİ-dən heç bir gözləntisi yoxdur"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin Avropa İttifaqından heç nə gözləmədiyini bildirib.

Qaynarinfo xəbər verir ki, dövlət başçısı bu barədə Türkiyə Böyük Millət Məclisindəki çıxışı zamanı danışıb.

"Aİ-nin bütün tələblərini yerinə yetirmişik, onlar isə demək olar ki, heç birini yerinə yetirməyiblər. Aİ-nin ölkəmizə qarşı qərəzində heç bir dəyişiklik olmayıb. Başladıqları proseslərə məhəl qoymayaraq, ölkəmizə qarşı haqsızlıq edirlər. Türkiyənin Aİ-dən heç bir gözləntisi yoxdur", deyə Ərdoğan bildirib.

Onun sözlərinə görə, Aİ Ankaraya qarşı tutduğu ədalətsiz mövqeyindən əl çəkməlidir, xüsusən də viza məsələsində.

Türkiyə 1963-cü ildə Aİ (o vaxtlar Avropa İqtisadi Birliyi, AET) ilə assosiasiya sazişi imzalayıb və 1987-ci ildə ona üzvlük üçün müraciət edib. Lakin üzvlüklə bağlı danışıqlar yalnız 2005-ci ildə başlayıb və fikir ayrılıqlarına görə dəfələrlə dayandırılıb. Hazırda danışıqlar dosyesinin 35 fəslindən 16-sı açıqdır. BMT Baş Assambleyasında iştirak etmək üçün Nyu-Yorka uçmazdan əvvəl Ərdoğan deyib ki, lazım gələrsə, Türkiyə ilə Aİ-nin yolları "ayrıla bilər”.

Aydın