Dünya 18:00 23.05.2022

Ermənistan boşalır: Əhali sürətlə ölkəni tərk edir

Son illər Ermənistanı tərk edənlərin sayı sürətlə artır. Bir tərəfdən ölkədəki sosial vəziyyət, digər tərəfdən siyasi qarşıdurmalar və qeyri-müəyyənlik bir çox vətəndaşın xarici ölkələrə üz tutması ilə nəticələnir.

İkinci Qarabağ müharibəsindən il yarım keçsə də, perspektivlər bəlli deyil. Səlahiyyətlilərin vəd etdiyi sülh gündəmi anonslardan o yana keçmir. Gələcəyə heç bir zəmanət, eyni proseslərin təkrar olunmayacağına ümid yoxdur. Və bu da çoxlarını gələcəklərini başqa yerdə axtarmağa vadar edir. İnsanlar başqa ölkələrdə məskunlaşmaq üçün çoxlu pul xərcləməyə, inanılmaz çətinliklərdən keçməyə hazır olduqlarını da gizlətmirlər.

Təkcə ötən il 73 mindən çox vətəndaş Ermənistanı tərk edib və geri qayıtmayıb. Bu səviyyədə mühacirət son illərdə Ermənistanda olmayıb. Ötən il hakimiyyət dəyişikliyindən əvvəlkindən təxminən iki dəfə çox insan ölkəni tərk edib.

Rəsmi məlumatlara görə, bu ilin 3 ayında 8,1 min nəfər çox adam Ermənistandan gedib.

Fevralın sonunda başlayan Rusiya-Ukrayna münaqişəsi Ermənistana insan axınını da sürətləndirib. Rusiyanın maliyyə bazarında və iqtisadi mühitində ciddi problemlər yaranıb. Münaqişənin ilk ayında rubl kəskin şəkildə zəifləyib. Mart ayı ərzində Rusiya valyutası əhəmiyyətli dərəcədə ucuzlaşıb.

Bir tərəfdən Rusiya-Ukrayna münaqişəsi və bunun nəticəsində yaranan gərginlik, digər tərəfdən rublun kəskin devalvasiyası və iqtisadi problemlər Rusiyadan Ermənistana gələnlərin sayını artırıb. Həm də bunlar təkcə Ermənistan vətəndaşları və ermənilər deyil. Köç edənlər arasında ruslar da üstünlük təşkil edir.

Amma bu şəraitdə belə Ermənistandan gedənlərin sayı qayıdanlardan daha çox olub. Burda söhbət sırf Ermənistan vətəndaşlarından gedir.

Rəsmi məlumata görə, bu ilin birinci rübündə Ermənistana gələnlərin sayı 438 min, gedənlərinn sayı isə 441 mini təşkil edib. Gedənlər gələnləri 2,4 min nəfər üstələyib.

Təkcə Rusiyadan 75-80 min insan Ermənistana gəlib. Onların əksəriyyəti hələ də ölkədə qalmaqdadır.

Aprel ayında rublun məzənnəsi müəyyən qədər bərpa edildikdən sonra Ermənistandan Rusiyaya axın yenidən aktivləşib. 

Bu gün Ermənistanda həyat xeyli bahalaşıb, hakimiyyət insanların gəlirlərini artırmaq və onları inflyasiyanın təsirindən qorumaq üçün demək olar ki, heç nə etmir. İşləyib gəlir əldə etmək imkanından məhrum olan vətəndaşlar da az deyil. Qiymətlərin artması səbəbindən bir çox çoxları hətta bir neçə il əvvəlkindən də pis yaşamağa başlayıblar.

Mühacirətin səbəbləri əlbəttə müxtəlifdir, amma ölkə getdikcə boşalır və  daimi əhalinin sayı azalır. Bu ilin əvvəlinə Ermənistan əhalisi de-yure 2,3 min azalaraq 2 milyon 961 min təşkil edib.

Problem həm emiqrasiya, həm də doğum və ölüm nisbətidir.

Telman