Xəbər lenti

Ermənistan rəhbərlərinin Gürcüstana ayaq açmasının səbəbi nədir?
Dünya 19:20 16.09.2024

Ermənistan rəhbərlərinin Gürcüstana ayaq açmasının səbəbi nədir?

"Ermənistan rəhbərlərinin son zamanlar Gürcüstana intensivləşən səfərlərində orta dəhlizin açılması prosesi və İrəvan-Moskva, habelə birincinin Tiflislə münasibətləri mühüm rol oynayır”. 

Qaynarinfo-ya açıqlamasında bunu Yəhudi Media Mərkəzinin politoloqu Rüstəm Tağızadə Ermənistan baş naziri Paşinyanın Gürcüstana başlanan səfəri fonunda İrəvan rəsmilərinin son zamanlar bu ölkəyə ayaq açmalarına münasibət bildirərkən deyib: 

"Məsələ ondadır ki, Ermənistanın ticarət yolu Gürcüstanla Rusiya ərazisindən keçir. Bu mənada Paşinyanın Tiflisə səfəri fonunda əsasən iqtisadi məsələlər müzakirə predmeti olacaq. Həmçinin, yaxın gələcəkdə Gürcüstanda seçkilər keçiriləcək. Görünür, rəsmi İrəvan həm də Gürcüstandakı siyasi vəziyyəti öyrənmək, bu ölkənin daxili durumundan xəbərdar olmaq üçün Tiflisə səfərləri intensivləşdirib”. 
 


Həmsöhbətimizə görə, bu səfərlərdə əsas məqsəd ticari əlaqələrin genişlənməsinə nail olmaqdır: 

"İrəvan əsasən Gürcüstanla ticarət əlaqələrini inkişaf etdirmək istəyir. Bu məqsədlə də belə səfərlər zaman-zaman davam edəcək. Həmçinin, ola bilsin, bu səfərlərlə Ermənistan rəhbərliyi xarici siyasətin formalaşmasında qonşu ölkənin nəbzini də yoxlayır. Gürcüstanda indi daxili vəziyyət gərgindir. İqtidar partiyası rusiyayönümlüdür. Ancaq gürcü xalqının əsas hissəsi Qərbə inteqrasiyanı dəstəkləyir. Ona görə də Ermənistan rəhbərliyi belə səfərlərlə vəziyyəti öyrənmək istəyir”.   

Qeyd edək ki, sentyabrın 16-da Ermənistan baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfərə gedib. Burada o, gürcü həmkarı İrakli Kobaxidze ilə görüşəcək. Bundan başqa, genişlənmiş formatda da görüş olacaq. 

Maraqlıdır ki, son dövrlər İrəvan rəsmilərinin Tiflisə səfərləri intensiv xarakter alıb. Belə ki, sentyabrın 1-də Ermənistan müdafiə naziri Suren Papikyan da Tiflisdə səfərdə olub. 

Paşinyan isə hələ cari ilin mayın 30-31 tarixlərində də 2 günlük səfərlə Gürcüstanda olub. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->