İdman 16:17 07.12.2022

Futbol tarixinin əfsanələrinin indiki transfer qiymətləri necə olardı?

Dünya futbolunda iz qoymuş bəzi məşhur futbolçularla bağlı maraqlı qiymətləndirmə həyata keçirilib.

Qaynarinfo xəbər verir ki, milyonların sevgisini qazanmış futbolçuların qiymətləri xüsusi alqoritmlə müasir dönəmə uyğunlaşdırılıb. İngiltərənin məşhur "The Sun" qəzeti "PlayRatings" adlı platforma ilə keçmişin ulduzlarının indiki halda  neçəyə başa gələcəklərini hesablayıb. Qiymətlər hesablanarkən futbolçuların müqaviləsi ilə yanaşı vurulan qollara, qələbələrə görə alınan mükafatlar, o cümlədən qazanılan çempionluqlar, fərdi titullar da nəzərə alınıb. 

Alqoritmə görə, "İnter” bu gün Braziliya millisinin əfsanəsi Ronaldonu transfer etsəydi, təxminən 383 milyon funt-sterlinq ödəməli olacaqdı.
 


Argentina futbolunun əfsanəsi Dieqo Armando Maradonanın da hazırkı durumda qiyməti açıqlanıb. "Napoli" argentinalı əfsanəni indiki dönəmdə transfer etsəydi, onun qiyməti təqribən 305 milyon funt-sterlinq olacaqdı.
 


Məşhur italiyalı hücumçu Kristian Vieri, alqoritmə görə Ronaldo və Maradonadan sonra ən bahalı futbolçudur. Həmin vaxt "İnter"ə 49 milyon avroya transfer olunan futbolçunun qiyməti bu gün 296 milyon funt-sterlinq olaraq dəyərləndirilib.
 


Fransa millisinin keçmiş üzvü Mişel Platini isə indiki halda "Yuventus"a 296 milyon funt-sterlinqə başa gələrdi. 
 


"Milan"ın və Niderland millisinin əfsanəsi Marko Van Basten İtaliya klubuna hazırkı durumda 291 milyon funt-sterlinqə transfer olunardı.
 


Alqoritm Argentina millsinin digər əfsanəsi Qabriel Batistutanın da qiymətini hesablayıb. Vaxtilə "Roma"da çıxış etmiş hücumçunun hazırkı dəyəri 249 milyon funt-sterlinq göstərilib. 
 


Qonzalo İquainin 2016-cı ildə Napolidən Yuventusa 85 milyon qarşılığında mübahisəli transferi bugünkü bazara görə 234 milyon funt-sterlinq kimi dəyərləndirilib.
 


İngiltərə millisinin sabiq hücumçusu Alan Şirerin o vaxt dünya rekordu sayılan "Blakbern"dən "Nyukasl"a 15 milyon funt-sterlinq qarşılığında baş tutan transferi bu gün təxminən 182 milyon funt-sterlinq dəyərində hesablanıb.
 


Siyahıya hazırda karyerasını PSJ-də davam etdirən Neymar da daxil edilib. Braziliya millsinin futbolçusu "Barselona"dan Fransa klubuna 222 milyon avroya transfer olunmauşdu. Bu məbləğ onu həmin vaxt dünyanın ən bahalı futbolçusuna çevirmişdi. Alqoritmin hesablamasına görə Neymarın qiyməti hazırda 196 milyon funt-sterlinq olaraq dəyərləndirilib. 
 

 


Səbuhi Həsənov