Azərbaycanın tarixi o qədər qədimdir ki, onu öyrənmək üçün hər dəfə yeni bir arxeoloji qazıntıya ehtiyac duyulur. Torpağın minilliklər boyu qoruyub saxladığı maddi-mədəni irs nümunələri bəzən yazılı mənbələrin cavab verə bilmədiyi sualları cavablandırır.
Son illər ölkəmizdə aparılan arxeoloji ekspedisiyalar arasında Gədəbəy rayonunun Xarxar kəndi ərazisində yerləşən nekropolda həyata keçirilən tədqiqatlar xüsusi diqqət çəkir.
Burada üzə çıxarılan qəbir abidələri, alban xaçdaşları, insan skeletləri və maddi-mədəniyyət nümunələri təkcə Qafqaz Albaniyasının deyil, ümumilikdə Cənubi Qafqazın erkən orta əsrlər tarixinin yenidən dəyərləndirilməsi üçün mühüm elmi baza formalaşdırır. Bu gün AMEA Arxeologiya və Antropologiya İnstitutunun xətti ilə davam edən qazıntılar göstərir ki, Azərbaycanın dağlıq bölgələri hələ də tam öyrənilməyən böyük tarixi sərvətlərə malikdir.
Xarxar nekropolu həmin sərvətin ən qiymətli nümunələrindən biri hesab olunur.
Gədəbəy Azərbaycanın qədim metallurgiya, mədənçilik və yaşayış mədəniyyətinin formalaşdığı əsas bölgələrdən biridir. Arxeoloqların fikrincə, bu ərazi hələ Tunc dövründən başlayaraq fasiləsiz yaşayış məkanı olub. Zəngin mis və qızıl yataqları, dağ keçidləri və strateji coğrafi mövqeyi Gədəbəyi qədim tayfalar üçün cəlbedici məkana çevirib. Məhz buna görə də Qafqaz Albaniyasının formalaşdığı dövrdə bu ərazi dövlətin mühüm yaşayış və təsərrüfat mərkəzlərindən biri hesab olunurdu.
Tarixi mənbələr göstərir ki, alban tayfaları əsasən dağətəyi və dağlıq ərazilərdə yaşayaraq maldarlıq, əkinçilik, metal emalı və ticarətlə məşğul olublar. Qədim müəlliflər – Strabon, Plini və Ptolemey Albaniya haqqında məlumat verərkən bu dövlətin zəngin təbii ehtiyatlara malik olduğunu xüsusi vurğulayırdılar.
Son arxeoloji tədqiqatlar həmin yazılı məlumatların təsadüfi olmadığını sübut edir.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Gədəbəy rayonunun Xarxar kəndi yaxınlığında yerləşən nekropol ilk dəfə 2012-ci ildə mütəxəssislərin diqqətini cəlb edib.
Sonrakı illərdə aparılan kəşfiyyat işləri göstərdi ki, dağ zirvəsində yerləşən bu ərazi sıradan qəbiristanlıq deyil. 2023-cü ildə AMEA Arxeologiya və Antropologiya İnstitutu tərəfindən burada ilkin sistemli tədqiqatlara başlanıldı. Alınan nəticələr arxeoloqları daha geniş qazıntılar aparmağa sövq etdi.
2026-cı ilin yay mövsümündə təşkil olunan Gədəbəy Arxeoloji Ekspedisiyası artıq nekropolun böyük hissəsini tədqiq etməyə başlayıb.
Ekspedisiyanın rəhbəri, tarix üzrə fəlsəfə doktoru Şamil Nəcəfov Bizim.Media-nın yerli bürosuna bildirib ki, ilkin müşahidələr zamanı 560-dan artıq qəbir abidəsinin izləri müəyyən olunub. Bu fakt nekropolun uzun əsrlər ərzində istifadə edildiyini göstərən ən mühüm göstəricilərdən biridir.
Xarxar nekropolu təsadüfi seçilmiş ərazi deyil.
Qədim insanlar adətən yaşayış məntəqələrinə yaxın, lakin müəyyən məsafədə yerləşən yüksəkliklərdə dəfn mərasimlərini həyata keçirirdilər. Burada da eyni ənənə müşahidə olunur. Arxeoloqlar hesab edirlər ki, nekropolun yaxınlığında hələ aşkar edilməmiş böyük yaşayış məskəni mövcud olub. Qəbirlərin bir-birinə olduqca yaxın yerləşməsi burada uzun müddət sıx məskunlaşmanın olduğunu göstərir. Ş. Nəcəfovun sözlərinə görə Xarxar nekropolu miqyasına görə nəinki bölgədə, eləcə də bütün Azərbaycanda indiyədək Qafqaz Albaniyasının erkən xristianlıq və daha sonrakı dövrün qəbir abidələrini öyrənmək baxımından ən geniş araşdırılan nekropoldur.
İlk baxışda adi dağ yamacı təsiri bağışlayan ərazi qazıntılar dərinləşdikcə tamamilə fərqli mənzərə ortaya çıxarıb. Əvvəlcə yerüstü əlamətlərə əsasən burada 130-a yaxın qəbir müəyyən edilsə də, üst torpaq qatının 20–40 santimetr qalınlığında götürülməsindən sonra çoxlu sayda yeni, xüsusilə uşaq qəbirləri aşkar olunub. Hazırda müəyyən edilən qəbirlərin sayı 500-ə yaxındır və qazıntılar davam etdikcə bu rəqəmin daha da artacağı istisna edilmir. Bu fakt nekropolun bir neçə nəslin deyil, əsrlər boyu eyni icmaya xidmət etdiyini göstərir.
Belə geniş qəbiristanlıqlar adətən böyük yaşayış məskənlərinin yaxınlığında formalaşır.
Arxeoloqlar da hesab edirlər ki, Xarxar nekropolundan müəyyən məsafədə hələ aşkar edilməmiş alban yaşayış məntəqəsinin qalıqları mövcud ola bilər. Burada qəbirlərin əksəriyyəti iri sal qaya daşları ilə əhatələnib. Baş və ayaq daşları, sinə daşları, həmçinin örtük daşları yerli təbii qayalardan hazırlanıb. Bəzi daşların uzunluğu üç metrə, çəkisi isə bir tona qədər çatır. Bu isə həmin dövrdə ağır daşların daşınması və yerləşdirilməsi üçün müəyyən mühəndislik biliklərinin mövcudluğunu göstərir.
Tədqiqatçı Şamil Nəcəfovun sözlərinə görə, qəbirlərin konstruksiyası ərazinin relyefinə uyğun şəkildə qurulub. İri sal daşlardan istifadə olunması həm torpağın sürüşməsinin qarşısını alır, həm də dəfn yerinin uzun müddət qorunmasını təmin edirdi.
Qazıntıların ən maraqlı nəticələrindən biri burada alban xaçlarının aşkar edilməsidir.
Bu daşlar təkcə dini simvol deyil. Onlar erkən orta əsr Azərbaycan daşyonma sənətinin ən qiymətli nümunələrindəndir. Xaçların bəziləri sadə həndəsi formada, digərləri isə çoxşaxəli kompozisiyalar şəklində işlənib. Əsas xaçın ətrafında kiçik xaç motivlərinin yerləşdirilməsi alban xristian incəsənətinin xarakterik xüsusiyyətlərindən hesab olunur.
AMEA-nın elmi işçisi Fərhad Fərmanov Bizim.Media-ya açıqlamasında qeyd edib ki, daşların üzərindəki işarələr bəzən adi gözlə seçilmir. Buna görə əvvəlcə onlar xüsusi üsulla görünən vəziyyətə gətirilir, daha sonra qrafik sənədləşdirmə aparılır. Bu metod daş üzərindəki ən xırda cizgilərin belə gələcək tədqiqatlar üçün qorunmasına imkan yaradır:
“Bu xaç işarələri qazma üsulu ilə həkk olunub və onun da ətrafında bu cür kiçik primitiv xaç işarələri vardır. Biz bunları yaxşı bilinmədiklərinə görə tabaşirlə üzərlərindən çəkirik. Sonra onları qrafik üsulla çəkirik. Adətən baş daşları dik olmalıdı. Ancaq dövr keçdikcə qəbir abidləri yıxılıb və yerdə qalıb” - deyə Fərhad Fərmanov əlavə edib.
Nekropolda aparılan qazıntılar Qafqaz Albaniyasında dəfn mərasimlərinin təkamülünü izləməyə də imkan verir. İlkin nəticələr göstərir ki, burada həm xristianlıqdan əvvəlki, həm də xristianlığın qəbulundan sonrakı dövrə aid məzarlar mövcuddur. Lakin qəbirlərin böyük əksəriyyəti artıq xristianlığın yayıldığı dövrə aiddir. Tədqiqatçılar hesab edirlər ki, nekropol təxminən dörd-beş əsr ərzində fasiləsiz istifadə olunub. Qəbirlərin istiqaməti, baş və ayaq daşlarının yerləşdirilməsi, sinə daşlarının forması və xaç işarələrinin mövcudluğu bu qənaəti gücləndirən əsas arxeoloji dəlillərdir.
Arxeologiyanın ən maraqlı istiqamətlərindən biri də antropologiyadır.
İnsan skeletləri qədim insanların təkcə fiziki görünüşü haqqında deyil, həm də onların qidalanması, xəstəlikləri, əmək fəaliyyəti və həyat tərzi barədə məlumat verir.
Xarxar nekropolunda aşkar edilən skeletlərin bir hissəsinin yaxşı qorunması gələcək laborator analizlər üçün böyük imkan yaradır. Antropoloqlar yaş, cins, boy, qohumluq əlaqələri, qidalanma xüsusiyyətləri və mümkün xəstəlikləri müəyyən etmək üçün müasir elmi metodlardan istifadə edəcəklər.
Qəbirlərin açılması, dəfn adətlərinin tədqiq edilməsi, insan qalıqları üzərində antropoloji tədqiqatların aparılması zamanı xüsusi tarixi faktlar aşkar olunub. Dəfn adətləri ilə yanaşı dəfn olunan insan skeletlərinin boy uzunluğunun 2 metrə yaxın olmasıda xüsusi maraq doğurur.
AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun elmi işçisi Vaqif Əsədov Xar-xar nekropolunda qədim Albanların dəfn adət və ənələrinin izləri olduğunu qeyd edir:
“Qədim Albanlarda dəfn etmə adətləri adətən torpaq və küp qəbirlərdə dəfn etmə adətləri olub. Bu zaman deməli torpaq qəbirlərində çala qzılaraq mərhumu kameraya yerləşdirib üstünü torpaqla örtürdülər. Küp qəbirlərində isə təsərrüfat qəbirlərindən istifadə olunurdu. Mərhumları təsərrüfat küplərinin içərisinə qoyurdular. Və ətrafında avadanlıq düzürdülər. Avadanlıqlar iri küplərdən ibarətdir saxsı qablardan. Küpün içərisinə isə mərhumun ətrafına bəzək əşyaları kiçik qablarda bəzən silahlarda qoyurdular”, - deyə Əsədov vurğulayıb.
Şamil Nəcəfov vurğulayıb ki, patoloji antropologiya istiqamətində aparılan tədqiqatları sistemləşdirmək məqsədilə insan qalıqlarından toplanan xeyli materiallar Azərbaycan Tibb Universitetinin alimləri ilə birlikdə patoloji anatomiya laboratoriyasında təhlil ediləcək. Bu isə bir daha abidədə tədqiqatların çoxşaxəli və multidissiplinar aparılmasının əyani sübutudur:
“Nekropoldakı insan qalıqlarının mütləq yaşının təyin edilməsi məqsədilə xeyli nümunə götürülüb, radiokarbon analizlərin aparılması üçün dünyanın qabaqcıl laboratoriyalarına göndərilməsi planlaşdırılır” deyə alim əlavə edib.
Qeyd edək ki, Xarxar nekropolu artıq təkcə Gədəbəy rayonunun deyil, bütövlükdə Azərbaycanın ən perspektivli arxeoloji abidələrindən biri hesab olunur.
Burada aparılan araşdırmalar zamanı əldə edilən nəticələr Qafqaz Albaniyasının yaşayış arealı, dini həyatı, dəfn ənənələri və sosial quruluşu barədə indiyədək mövcud olan elmi təsəvvürləri daha da zənginləşdirir. Arxeoloqlar əmindirlər ki, qazıntılar başa çatdıqdan sonra Xarxar nekropolu Azərbaycan arxeologiyasının əsas istinad abidələrindən birinə çevriləcək və Qafqaz Albaniyasının öyrənilməsi sahəsində yeni mərhələnin başlanğıcını qoyacaq.
Şərhlər