XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

"The Telegraph": Rusiyanın NATO-nu zəiflətmək üçün 6 variantı var
Dünya19:56 29.08.2026

"The Telegraph": Rusiyanın NATO-nu zəiflətmək üçün 6 variantı var

Qərb hökumətləri uzun müddətdir Rusiyanın NATO-ya hücum təhlükəsi barədə xəbərdarlıq edir. Kəşfiyyat nümayəndələri son vaxtlar Vladimir Putinin alyansla birbaşa hərbi qarşıdurma istəmədiyini düşünsələr də, onun NATO üzvü olan ölkələrə qarşı “hibrid əməliyyatlar” planlaşdırdığı bildirilir. Bu isə nəticədə təsadüfən daha geniş qarşıdurmaya səbəb ola bilər.

Qaynarinfo xəbər verir ki, "The Telegraph" Rusiyanın NATO-ya qarşı hansı təcavüz variantlarını nəzərdən keçirə biləcəyini və mümkün zərbələrin haraya yönələ biləcəyini təhlil edib.

Variant 1. Qonşu NATO ölkələrinə “Krım ssenarisi” ilə hücum

Bu, Putinin mümkün addımları arasında ən çox müzakirə olunan variantdır.

Ehtimala görə, “fəallar” – Rusiya agentləri – Estoniyanın Narva və ya Latviyanın Dauqavpils şəhəri kimi yerlərdə etnik rus azlığına qarşı süni şəkildə yaradılmış təzyiq bəhanəsi ilə etiraz aksiyaları təşkil edə bilərlər. “Etirazlar” adı altında Rusiya hərbçiləri əvvəlcə nişansız geyimdə və mülki geyimdə sərhədi keçərək əsas şəhərlərə nəzarəti ələ keçirə bilərlər.

Nəzəri olaraq NATO çətin vəziyyətə düşəcək: bu, Rusiyanın hücumudur, yoxsa sadəcə küçə etirazlarının alovlanması? NATO tərəddüd etdiyi müddətdə Rusiya “sülhü qorumaq” adı altında bölgəyə qoşun yeridə bilər.

Lakin bu ssenarinin problemi ondan ibarətdir ki, eyni hiyləni ikinci dəfə tətbiq etmək çətindir. Krımdakı hadisələrdən sonra Estoniya, Latviya və Litva hökumətləri məhz belə bir ssenariyə hazırlaşıblar.

“Əgər Narva küçələrində 2014-cü ildə Krımda peyda olan sirli “yaşıl adamcıqlar”ın analoqları görünsə, onları sadəcə güllələyəcəklər”, deyə məqalədə qeyd olunur.

Variant 2. Qonşu dövlətlərə adi hərbi hücum

Bu, ən pis, lakin ən az ehtimal olunan variantdır: birbaşa ənənəvi hücum.

Kalininqrad və Belarusdan eyni vaxtda başlanan hücum Polşa ilə Litva arasındakı dar sərhəd ərazisi olan “Suvalki dəhlizi”ni kəsə bilər. Eyni zamanda Rusiya desantçıları və ya dəniz piyadaları Baltik dənizində İsveçə məxsus Qotland adasına çıxaraq hava yolu ilə təchizatı dayandıra bilərlər.

Beləliklə, üç Baltikyanı ölkə NATO-nun digər dövlətlərindən təcrid edilə bilər. Məqaləyə görə, pilotsuz uçuş aparatlarından istifadə edilən müasir döyüşlərə öyrəşməyən NATO qüvvələri sürətlə məğlub ola, Rusiya ordusu isə Tallin, Riqa və Vilnüsə doğru irəliləyə bilər.

Lakin “Krım ssenarisi”ndə olduğu kimi, bu əməliyyat da geniş şəkildə məşq edilib.

Təhlükəsizlik üzrə ekspert Mark Qaleotti deyir:

“Əgər Rusiya qoşunları Estoniya sərhədini keçsə, bundan sonra nə baş verəcəyini hamı bilir. İşğalçı Rusiya qüvvələri hücuma məruz qalacaq, onların arxa təminat bölmələrinə qarşı isə NATO-nun aviasiyası və raketlərindən istifadə olunacaq”.

Variant 3. İşğal bəhanəsi

Məsələn, Rusiya helikopteri mühərrikində yaranan problem səbəbindən Kalininqrad sərhədinin yaxınlığında “məcburi eniş” edə bilər. Obyektin təhlükəsizliyini təmin etmək və ekipajı geri qaytarmaq üçün qonşu Polşa və ya Litvanın ərazisinə “xilasetmə qrupu” göndərilə bilər.

Məqalədə bildirilir ki, “itmiş helikopter” ssenarisinin çoxsaylı variantları mövcuddur. Bunlara Ukrayna üzərindən “təsadüfən” uçaraq Polşa, Rumıniya və Moldovaya düşən raket və pilotsuz uçuş aparatları da daxildir. Son aylarda məhz bu cür “qəzaların” sayında artım müşahidə olunduğu qeyd edilir.

Variant 4. Saxta bayraq əməliyyatı

Getdikcə daha çox məlumat yayılır ki, Kreml ələ keçirilmiş və ya vurulmuş Ukrayna pilotsuz uçuş aparatlarını toplayır. Rusiya bunlardan NATO-nun birliyini və Ukraynaya dəstəyi zəiflətmək məqsədilə təxribatlarda istifadə edə bilər.

Belə bir ssenaridə Rusiyaya qarşı həyata keçirilən genişmiqyaslı hava hücumunun guya uğursuz olduğu və zərbələrin cəbhəyanı ərazilərə düşdüyü görüntüsü yaradıla bilər. Polşada artıq Ukraynaya qarşı mənfi əhval-ruhiyyənin artdığı nəzərə alınaraq, bu ölkə belə bir hücum üçün cəlbedici hədəfə çevrilə bilər.

Məqaləyə görə, bu ssenari “Krım ssenarisi”ndən daha real görünür və arzu olunan siyasi nəticəni verə bilər. Lakin Rusiyanın belə bir insidentdən NATO-nun birliyini zəiflətmək üçün necə istifadə edə biləcəyi hələ aydın deyil.

Variant 5. Avropada sabotaj

Rusiya artıq bütün Avropada diversiya əməliyyatları həyata keçirmək qabiliyyətini nümayiş etdirib. Moskva çox vaxt belə problemlərə birbaşa qonşu ölkələrdən daha az hazırlıqlı dövlətləri hədəf seçir.

Əgər Putin NATO-nu sınaqdan keçirmək üçün yol axtarırsa, növbəti məntiqli addım insan tələfatına səbəb olacaq əməliyyatın həyata keçirilməsi barədə əmr vermək ola bilər. Məsələn, qatarın relsdən çıxarılması və ya zavodun bombalanması kimi hadisələr buna nümunədir.

Lakin Rusiya Qərbin siyasətini istədiyi istiqamətdə dəyişdirmək üçün hansı eskalasiya səviyyəsinin kifayət edəcəyini dəqiq bilmədiyindən, bu cür əməliyyatlar risk daşıyır. Onlar əksinə, Qərbin daha sərt hərbi cavabına səbəb ola bilər.

Variant 6. Kiberhücum

Texniki baxımdan sistemli kiberhücumlar NATO-nun kollektiv müdafiə haqqında maddəsinin işə salınması üçün əsas hesab olunur. Lakin kiberhücumların mahiyyətinə görə onları müəyyənləşdirmək çətindir və buna hansı cavab tədbirlərinin görülməli olduğu aydın olmaya bilər.

Belə hücum mütləq dağıdıcı xarakter daşımalı deyil. Panika yaratmaq üçün fond birjasının fəaliyyətinin iflic edilməsi və ya əsas hava limanlarından birinin bağlanması ciddi narahatlıq yarada və siyasi qərarların qəbuluna təsir göstərə bilər.

Bununla yanaşı, Kreml bu cür hücumların ciddi cavab tədbirlərinə səbəb olmayacağını hesablayır. “The Telegraph” yazır ki, məhz bu məqam belə addımların qarşısının alınmasında əsas amildir.

Məqalədə qeyd olunur:

“Əgər MKİ direktoru Ratkliff Rusiyaya məsuliyyətin müəyyənləşdirilməsi və müvafiq tədbirlərin görülməsi prosesinin Rusiyanın öyrəşdiyindən daha sürətli həyata keçiriləcəyini başa salıbsa, bu, onların hərəkətlərinə müəyyən intizam gətirməyə başlaya bilər”.

Aydın