Foto 19:10 15.03.2024

Gəncədə futbol akademiyası fəaliyyətə başladı (FOTOLAR)

Azərbaycanın ən böyük futbol şəhərlərindən olan Gəncədə futbol akademiyası fəaliyyətə başlayıb. 

Qaynarinfo-nun məlumatına görə, Gəncə şəhər stadionunun ərazisində yerləşən akademiyaya mediatur təşkil olunub. AFFA-nın təşkilatçılığı və jurnalistlərin iştirakı ilə akademiya ictimaiyyətə təqdim olunub. Media nümayəndələrinə görülən işlər, yaradılan şərait barədə ətraflı məlumat verilib. Bildirilib ki, akademiya və məşq mərkəzi FIFA, UEFA və AFFA-nın birgə dəstəyi sayəsində inşa olunub.

Üç mərtəbədən ibarət binada yerləşən akademiya həm əsas həm də aşağı yaş qruplarından ibarət komandaların istifadəsi üçün hazırlanıb. 

Klubun aşağı yaş qrupları üçün nəzərdə tutulan səkkiz otaqda 52 nəfər yerləşə bilər. Əsas komanda üçün nəzərdə tutulan otaqların sayı isə 16-dır. Bu otaqlarda 44 futbolçunun yaşaması mümkündür. Bazada tikilən akademiyanın otaqlarında ümumilikdə 96 nəfər yerləşdirilə bilər. Akademiyada klub üzvlərinin istifadəsi üçün bir restoran və mətbəx mövcuddur. Həmçinin bazada fitnes, sauna, dörd paltardəyişmə otağı var. Bununla yanaşı, tibb, iclas, istirahət, texniki və xidməti, inzibati heyət üçün otaqlar da ayrılıb. "Kəpəz”in əməkdaşları üçün ayrıca ofisin də tikildiyi bazada camaşırxana da fəaliyyət göstərir. Bütün otaqlar zəruri müvafiq avadanlıqlarla təchiz olunub. Bazanın həyətində iki təbii, bir süni örtüklü meydançanın da olduğunu qeyd edək. Akademiya yeni inşa olunsa da artıq bəzi otaqların istifadəsinə başlanılıb. 

Gəncə şəhər stadionunda isə təmir-bərpa işləri davam edir. Hazırda ev oyunlarını Tovuzda keçirən "Kəpəz”in doğma stadionu tamamilə sökülüb. Ancaq yenidənqurmanın nə zaman başa çatacağı haqda hələ konkret məlumat yoxdur. 


Səbuhi Həsənov