Xəbər lenti

Gəncədən gəlmisiniz?
Amal Abuşov
İdman 15:08 12.06.2023

Gəncədən gəlmisiniz?

Sosial şəbəkələrdə məşhurlaşan komik videoların birindəki mənzərə belədir. İki nəfər qadın oynaya-oynaya kameraya doğru gəlir. Bu qadınlardan biri oynamağına ara vermədən əlində kamera olandan soruşur: "Gəncədən gəlmisiniz?” Sonrasını bilirsiz, yenidən danışıb uzunçuluq etməyim. Mövzudan xəbəri olmayanlar həmin videoçarxı asanlıqla tapıb, baxa bilərlər.

Mən sizə futboldan danışım, futboldan yazım. Bizim üçün insanların hardan gəlib, hara getməsinin xüsusi bir əhəmiyyəti yoxdur. Amma Gəncə futbolunun başbilənləri, "Kəpəz”i idarə edənlər və bu kluba könül verən azarkelərin əhəmiyyətli bir qismi üçün bunun əhəmiyyəti var. Həmin qrup insanlar düşünürlər ki, "Kəpəz”i çalışdıran baş məşqçi mütləq gəncəli olmalıdır, komandanın sarı-göy formasını ancaq bu şəhərin sakini olan futbolçular geyinməlidir. Bizim bu proseslərə heç bir təsir imkanımız yoxdur, sakitcə izləyirik, ara-sıra da heyrətimizi gizlədə bilmirik.

"Kəpəz”in yaxşı günləri çoxdan arxada qalıb. Şəhərin stadionu kimi elə futbolu da uçuq-sökük vəziyyətdədir. Uşaq futbol məktəbləri dağılıb getib, futbol akademiyasından danışmağa dəyməz. AFFA vaxtaşırı Gəncə futboluna və "Kəpəz”ə süni nəfəs verir, bununla da özünə dvident qazanır, bir qrup şəxs cibini doldurur. Şəhər stadionun tribunaları qəzalı vəziyyətdə ola-ola qazona bir ətək pul xərcləyib, ot örtüyünü yenilədilər. Sonradan o qazon da sıradan çıxdı, maya batdı. Tribunalar azarkeşlərin həyatı üçün təhlükə törətdiyinə görə "Kəpəz” doğma şəhərdən qaçaq da düşdü.

Bir müddətlik fasilədən sonra elitaya dartılan "Kəpəz” stadion probleminə görə Qəbələyə köçürüldü. Komanda mövsümün əvvəlində tez-tələsik toparlandı. Sözsüz ki, bütün bunların fonunda nəticələr yaxşı deyildi. Hər məğlubiyyət tribunalardan "istefa” şüarlarının səslənməsinə səbəb olurdu. Sonda təzyiqlər bəhrəsini verdi, gəncəli olmayan Yaşar Vahabzadə postundan getdi. Ssenari müəllifləri düşünürdü ki, onun yerinə gəncəli baş məşqçi əyləşdiriləcək. Amma belə olmadı, baş məşqçi postuna Tərlan Əhmədov gətirildi. Bununla da şəraiti əvvəlki kimi qalan "Kəpəz”in nəticələri yaxşılaşmağa başladı. Qələbələr qazanan, xal ehtiyatını artıran "sarı-göylər” mövsümün sonunda elitadakı yerini qorumağı bacardı. Buna görə Tərlan Əhmədova "sağ ol” deyən olmadı, adamı istefaya göndərdilər.

Qəribəsi bilirsiz nədir? "Turan Tovuz”la "Kəpəz” eyni vəziyyətdə elitaya yüksəlib. Tovuz komandası bütün "ev oyunları”nı doğma stadionda keçirib, qaçqın həyatı yaşamayıb. Kluba sponsor da tapıblar, avtobus da alıblar. "Turan Tovuz” 6-7 tur qələbəyə həsrət qalanda azarkeşlər komandanın baş məşqçisi Ayxan Abbasovu istefaya səsləyirdilər. Dərhalda da onun müdafiəçiləri ortaya çıxdı. Dedilər ki, "Turan Tovuz”un əsas hədəfi elitada qalmaq olub, heç kim böyük hədəflər tələb etmir, Ayxan bəy işinin öhdəsindən gəlir. Hələ mövsüm bitməmiş onunla yeni müqavilə imzalandı belə.

"Kəpəz” isə daha pis şərtlər altında mübarizə aparıb. Komandanın nə sponsoru var, nə avtobusu, nə də normal stadionu. Mövsümü Mərdəkanda açan "Kəpəz” sonucu "ev oyunu”nu Qəbələdə keçirib. İstər Yaşar Vahabzadəyə, istərsə də Tərlan Əhmədova inanılmaz təzyiqlər göstərib, problem yaradıblar. "İstefa” şüarları da əskik olmayıb. Sonda "Turan Tovuz” 39 xalla 6-cı olub, "Kəpz” isə 31 xalla 8-ci. Hər ikisi elitadan düşmə qorxusunu finişə xeyli qalmış üzərindən atıb, azarkeşlərini qorxutmayıb. Buna görə şəxsən mən ikisinə də "əhsən” deyirəm. Amma bu baş məşqçilərdən biri alqışlanır, onunla yeni müqavilə bağlanır, digəri isə müəmmalı şəkildə istefaya göndərilir.

Artıq "Kəpəz”in yeni baş məşqçisi var, özü də Gəncədən gələndi. Xeyirli olsun. Görək hələ "Kəpəz” özü Gəncəyə qayıda biləcəkmi?

Amal Abuşov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->