Ölkə 20:20 27.05.2022

Gənclər Fondunun 10 illiyi münasibətilə gənclər festivalı təşkil olundu

Bu gün Azərbaycan Respublikası Gənclər Fondunun 10 illik yubileyi münasibətilə Bakı Biznes Mərkəzində media nümayəndələrinin iştirakı ilə  brifinq keçirilib. 

Qaynarinfo.az xəbər verir ki, brifinqdə Azərbaycan Respublikası Gənclər Fondunun 10 il ərzində gördüyü işlər haqqında  Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov  məlumat verib.

Fondunun icraçı direktoru bildirib ki, Gənclər Fondunun təsis olunması Prezident İlham Əliyevin  təşəbbüsü ilə həyata keçirilib:

"Fondun əsas məqsədi gənclərimizin vətənpərvər, müasir dövrün  çağırışlarına cavab verən və təhsil, asudə vaxtın səmərəli təşkili , həmçinin  fərdi inkişaf, ideyaların reallaşdırılması istiqamətində dəstək alətləri təqdim etməkdir.10 illik fəaliyyət dövründə Fond gənclər təşkilatlarının beş minə yaxın yerli və beynəlxalq layihəsi maliyyələşdirilib. Ölkə üzrə isə bu layihələrdən   500 min nəfərdən çox gənc yararlanıb. Qeyd  etmək istəyirəm ki, ali və orta ixtisas təhsill müəssisələrində müsabiqə  yolu ilə  təhsil alan 1190 istedadlı tələbənin təhsil xərci ödənilib. Xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində magistr pilləsi üzrə 47 gəncin isə təhsili dəstəklənib. 48 gəncin isə xarici ölkələrdə  fəaliyyət göstərən beynəlxalq təşkilatlarda Gənclər Fondu vasitəsilə təcrübə keçib”.

Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) baş direktoru Ramtiq Alızadə  isə bildirib ki, Prezident İlham Əliyevin 2019-cu il 1 oktyabr tarixli Sərəncamına uyğun olaraq, ölkənin 55 şəhər və rayonunda Fondun nəzdində fəaliyyət göstərən GİKM-nin nümayəndəlikləri açılıb:

" Son iki il ərzində bu nümayəndəliklərdə 200 mindən çox gənc müxtəlif mövzularda təlimlər və layihələrə cəlb ediliblər. Fond tərəfindən  müxtəlif layihələr həyata keçirilib. "Səyyar Gənclər Xidməti” layihəsi çərçivəsində  ildə  ölkənin 100-ə yaxın ucqar kəndlərində on minlərlə gəncə onların bilik və bacarıqlarının inkişaf etdirilməsi istiqamətində mühüm işlər görülüb. "İntellektual klubların Gənclər Kuboku”nda ölkəmizin müxtəlif bölgələrindən olan minlərlə gənc yarışıb. Pandemiya ərəfəsində isə xeyli sayda könüllülər  fəaliyyət  göstərib. 2018-ci ildən etibarən hər il 5 dekabr - Beynəlxalq Könüllülük Günü ərəfəsində könüllü təşkilatları və hərəkatlarının iştirakı ilə "Könüllü həftəsi” keçirilib. 

Brifinq bitdikdən sonra Gənclər Fondunun 10 illiyi münasibətilə Dənizkənarı Milli Park ərazisində  gənclər festivalı təşkil olunub .

Festivalda Fondun həyata keçirdiyi proqramlar və irimiqyaslı layihələrin əyani təqdimatı, aparıcı gənclər və könüllü təşkilatlarının stendlərindən ibarət sərgi, intellektual oyunlar, yumşaq bacarıqlar üzrə təlimlər, viktorinalar, istedadlı gənclərin musiqi proqramları təşkil edilib. Festival zamanı Fondun fəaliyyət istiqamətləri, həyata keçirdiyi layihələr haqqında infoqrafik və informativ videolar, o cümlədən Fondun yerli və beynəlxalq tərəfdaşlarının təbrik müraciətləri nümayiş olunub.

Qeyd edək ki, Fond Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən mütərəqqi dövlət gənclər siyasətinin tələblərinə uyğun olaraq, fəaliyyətinin təkmilləşdirilməsi, gənclər üçün əlçatanlığın artırılmasına xüsusi diqqət yetirməkdədir və bu məqsədlə innovativ kommunikasiya vasitələrini tətbiq edir.
"GencAPP” adlı mobil tətbiq vasitəsilə gənclər Fondun, eləcə də digər dövlət qurumları və gənclər təşkilatlarının proqram və layihələri barədə məlumat almaqla yanaşı, onlara birbaşa müraciət etmək imkanı əldə edirlər.

2011-2021-ci illəri əhatə edən hesabat jurnalı ilə bu link vasitəsilə tanış olmaq mümkündür.

Gülnarə ƏMİRQIZI