Xəbər lenti

Goranboy RİH-dən Osmantaəpədəki qazıntı ilə bağlı AÇIQLAMA
Ölkə 17:47 26.01.2017

Goranboy RİH-dən Osmantaəpədəki qazıntı ilə bağlı AÇIQLAMA

Goranboy rayonunun Tap Qaraqoyunlu kəndi ərazisində yerləşən Osmantəpə kurqanında qanunsuz qazıntı işlərinin aparılması barədə xəbər vermişdik. Ötən gün bununla bağlı dərc etdiyimiz yazıda bildirilirdi ki, tarixi abidənin ərazisində qazıntı işləri aparılıb və sonradan dayandırılıb.

Xəbərə Goranboy rayon İcra Hakimiyyəti münasibət bildirib. İcra Hakimiyyətindən redaksiyamıza daxil olan məlumatda ərazidə qazıntı işlərinin aparıldığı təsdiqlənir. Bildirilir ki, bu barədə məlumat alandan dərhal sonra polis tarixi abidəni nəzarətə götürüb və araşdırmalara başlayıb: 

"10 yanvar 2017-ci il tarixdə gecə saatlarında naməlum şəxslər tərəfindən Goranboy rayonunun Tap Qaraqoyunlu kəndi ərazisində yerləşən Osmantəpə kurqanında qazıntı işləri aparılıb. Abidə mühafizi tərəfindən verilmiş məlumat əsasında dərhal rayon polis şöbəsinin əməkdaşları və Gəncə Regional Mədəniyyət və turizm idarəsinin Goranboy rayonu üzrə məsləhətçisi, Tap Qaraqoyunlu kənd icra nümayəndəsi və bələdiyyəsi tərəfindən əraziyə baxış keçirilib, həqiqətən qazıntı işlərinin aparıldığı müəyyən edilib. Hazırda rayon Polis Şöbəsi tərəfindən kurqanda qazıntı işlərini aparan şəxslərin kimliyinin müəyyən edilməsi üçün araşdırma aparılır, eyni zamanda kurqan mühafizəyə götürülüb. Saytda yerləşdirilmiş şəkillər kurqanda qazıntı işləri aparılan vaxt deyil, qazılan sahə torpaqla doldurularkən çəkilib. Eyni zamanda kurqanın doldurulması barədə bizim iştirakımızla 11 yanvar 2017-ci il tarixdə müvafiq akt da tərtib edilib. Eyni zamanda qeyd edirik ki, kurqanda qazıntı işi aparılan dövrdə rayon İcra Hakimiyyətinin başçısı məzuniyyətdə olmaqla rayon ərazisində olmayıb".

Qeyd edək ki, ötən ilin yayında Osmantəpədə qızıl axtarmaq məqsədi ilə qazıntı işləri aparılmışdı. Mədəniyyət və Turizm Nazirliyinin müdaxiləsindən sonra Dövlət Təhlükəsizlik Komitəsi rayonda əməliyyat keçirərək Goranboy rayon İcra Hakimiyyətinin 2 əməkdaşı və daha bir neçə vəzifəli şəxs həbs olunmuşdu. Baş verən hadisədə iş adamı Qulam Ələkbərovun və Goranboy rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevin də adı hallanırdı. 

Qaynarinfo.Az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->