"Rusiya öz maraqları naminə Gürcüstana müdaxilə edə bilər, amma bu müdaxilə böyük miqyasda olmayacaq".
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Elçin Şıxlı Rusiyanın Gürcüstanda yaşanan gərginlik fonunda öz maraqları çərçivəsində bu ölkəyə müdaxilə etməsi imkanlarını şərh edərkən deyib.
"Rusiyanın Gürcüstandakı vəziyyətdən asılı olaraq ora müdaxilə edəcəyi istisna deyil. Amma hazırki vəziyyətdə Rusiyanın bu addımı atacağı çətin məsələdir. Çünki indilikdə Rusiyanın diqqəti Ukraynaya yönəlib. Kremlin əsas qüvvələri Ukrayna istiqamətindədir. Ona görə də Moskvanın Gürcüstandakı proseslərə müdaxiləsi baş verdə də, onun böyük miqyasda olacağına inanmıram", deyə Elçin Şıxlı bildirib.
Həmsöhbətimizin fikrincə, Gürcüstanla bağlı məsələdə Çin amilini də unutmaq olmaz:
"Çünki Orta Dəhliz deyilən bir məfhum var. Ona görə Çin Rusiyanı Qazaxıstandan çıxartdığı kimi, Moskvanın Gürcüstana girməsinə də imkan verməyə bilər. Rusiya şübhəsiz ki, Gürcüstanı daha artıq dərəcədə öz tərəfinə çəkmək istəyəcək. Lakin məsələ tək istəklə alınmır. Bununla belə, Rusiya amili hələ çox baş ağrıdacaq".
Qeyd edək ki, Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın Avropa İttifaqı və ABŞ-ın Gürcüstana ultimatumlarından narahat olduğunu bəyan edib. "Biz daxili işlərə qarışmırıq, amma Aİ ölkələri və ABŞ-ın rəsmi bəyanatlarında Gürcüstanın hazırkı rəhbərliyinə ultimatum vermələrindən narahatıq", deyə Rusiya rəsmisi vurğulayıb.
Peskov əlavə edib ki, Qərbdən Tiflisə ultimatumlara son qoyulmalıdır: "Sözün əsl mənasında həm ABŞ, həm də Aİ-dən Gürcüstan rəhbərliyinə ultimatumlar verilir. Bunlar dövlətlərarası münasibətlərin normalarına zidd olan iyrənc təzahürlərdir, buna son qoyulmalıdır".
Rüfət Sultan
Şərhlər