Xəbər lenti

Gürcüstanın ABŞ-a ünvanladığı təklifin məqsədi nədir? (ŞƏRH)
Dünya 19:04 25.07.2024

Gürcüstanın ABŞ-a ünvanladığı təklifin məqsədi nədir? (ŞƏRH)

"Rəsmi Tiflis verdiyi təkliflə, Vaşinqtonla münasibətləri normallaşdırıb, ölkə daxilində siyasi gərginliyi azaltmağı hədəfləyir".
 
Bunu Qaynarinfo-ya açıqlamasında QAFSAM sədrinin müavini Nazim Cəfərsoy Tiflisin ABŞ hökumətinə ünvanladığı münasibətləri yeniləmək təklifini şərh edərkən deyib.

Nazim Cəfərsoy bildirib ki, Gürcüstan baş naziri psixolojik olaraq yenilənmə təklif edir: 

"Həm Gürcüstan, həm də ABŞ-da təxminən eyni tarixlərdə seçkilər keçiriləcək. Gürcüstanda oktyabrda parlament seçkiləri, ardınca da prezidentin seçilməsi prosesi həyata keçəcək. ABŞ-da da noyabrda prezident seçkisidir. Donald Trampa qarşı edilən sui-qəsd onun nüfuzunu artırıb. Digər tərəfdən, Baydenin namizədlikdən imtina etməsi də demokratların şansını artırıb. ABŞ-da ciddi rəqabətin şahidi olacağıq. Belə bir mühitdə Tiflis-Vaşinqton münasibətlərinin gərginləşməsi iki mənada Gürcüstan hökuməti üçün problemlər yarada bilər. Ölkə daxilində iqtidarla müxalifət arasında olan gərginlik seçki dönəmində daha da gərginləşə bilər. Bura amerikalıların daxil olması prosesi daha da gərginləşdirəcək. Rəsmi Tiflis də bu fonda verdiyi təkliflə, Vaşinqtonla münasibətləri normallaşdırmaqla ölkə daxilindəki siyasi gərginliyi azaltmağı hədəfləyib. İkinci tərəfdən, ABŞ-Gürcüstan, Rusiya-Gürcüstan münasibətləri kontekstində münasibətlər gərilməyə davam edir. Vaşinqtonla Moskvanın gərgin münasibətləri 2008-ci ildə Gürcüstanda böhrana səbəb oldu".
 


Ekspert düşünür ki, bənzər gərginlik indi də Gürcüstanın başında çatlaya bilər:

"Ona görə də rəsmi Tiflis geosiyasi mühiti sakitləşdirməyə çalışır".

Yenilənmənin hansı kontekstdə gerçəkləşəcəyinə gəlincə, həmsöhbətimiz təklifin psixoloji rahatlıq effekti verdiyini düşünür:

"Bu psixoloji mühitin paralelində iki məqamın önə çıxacağını düşünürəm. Siyasi mühitin normallaşdırılması və sanksiyaların yumşaldılması istənilir. Digər istiqamət isə iqtisadi, mədəni münasibətlər kontekstində ola bilər. Habelə, iki ölkə arasında mövcud olan hərbi təhlükəsizlik münasibətlərindəki gərginliyin yumşaldılması da bu hədəflər içində yer ala bilər".

Qeyd edək ki, Gürcüstanın baş naziri İrakli Kobaxidze Tiflisin ABŞ hökumətinə münasibətləri yeniləməyi təklif etdiyini söyləyib. Bundan öncə ABŞ Gürcüstana xarici agentlər haqqında qanuna görə bir neçə sanksiya tətbiq edib və Tiflisə hərbi yardımlar da dayandırılıb. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->