Xəbər lenti

Hərbi ssenaridən diplomatiyaya: Trampın qərarı dünyaya nə vəd edir?
Dünya 14:59 03.08.2026

Hərbi ssenaridən diplomatiyaya: Trampın qərarı dünyaya nə vəd edir?

ABŞ prezidenti Donald Trampın İrana qarşı planlaşdırılan yeni hərbi əməliyyatları dayandıraraq diplomatik kanallara üstünlük verməsi Yaxın Şərqdə mühüm geosiyasi hadisələrindən biri kimi qiymətləndirilir. Siyasi təhlilçilərin fikrincə, Vaşinqtonun bu addımı təkcə ABŞ-İran münasibətlərinə deyil, həm də dünya enerji bazarlarına, beynəlxalq maliyyə sisteminə və regionun təhlükəsizlik arxitekturasına birbaşa təsir göstərən strateji qərardır.

Ekspertlər hesab edirlər ki, hərbi eskalasiyanın qarşısının müvəqqəti alınması bazarlarda dərhal əks-səda doğurub. İlk reaksiya neft sektorundan  gəlib. "Brent" və WTI markalı neftin qiymətində eniş  müşahidə olundu ki, bu da investorların yaxın perspektivdə genişmiqyaslı müharibə riskinin azaldığını düşündüyünü göstərdi. Məlumdur ki, Yaxın Şərqdə hər hansı hərbi qarşıdurma xüsusilə Hörmüz boğazının təhlükəsizliyini sual altına saldıqda dünya üzrə neft daşımalarının təxminən beşdə biri risk altına düşür. Buna görə də bölgədə  gərginliyin azalması enerji bazarlarında psixoloji sabitləşdirici amil kimi çıxış edir.

Lakin siyasi müşahidəçilər bu optimizmin ehtiyatla qarşılanmasının vacibliyini vurğulayırlar. Son illərdə Vaşinqton və Tehran arasında dəfələrlə diplomatik təmaslar başlayıb, lakin tərəflər nüvə proqramı, sanksiyaların ləğvi, regional təhlükəsizlik və İranın raket proqramı kimi fundamental məsələlərdə ortaq mövqe tapa bilmədiklərindən gərginlik yenidən artıb. Bu baxımdan indiki yumşalma da hələlik  davamlı sülhün təminatı kimi qəbul edilmir.

Analitiklərin diqqət çəkdiyi əsas məqamlardan biri Oman vasitəçiliyi ilə aparıldığı bildirilən diplomatik təmaslardır. Oman uzun illərdir ABŞ və İran arasında qeyri-rəsmi dialoq platforması rolunu oynayır və 2015-ci il nüvə sazişinə aparan danışıqlarda da mühüm vasitəçi olub. Hazırda da əsas müzakirə mövzuları sırasında Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyi, nüvə proqramının gələcəyi və qarşılıqlı etimadın bərpası dayanır.

Bununla yanaşı, İsrailin mövqeyi vəziyyəti mürəkkəbləşdirən əsas amillərdən biri olaraq qalır. Təl-Əviv İranın nüvə və raket proqramını milli  təhlükəsizliyi üçün əsas təhdid hesab edir və diplomatik proseslərin nəticə verməyəcəyi təqdirdə hərbi variantın gündəmdə qalacağını açıq şəkildə bəyan edir. Məhz bu səbəbdən siyasi təhlilçilər hesab edirlər ki, regionda yaranmış nisbi sabitlik son dərəcə kövrəkdir və kiçik bir insident belə yeni eskalasiyaya səbəb ola bilər.

Beynəlxalq münasibətlər üzrə ekspertlərin fikrincə, Donald Trampın qərarı həm də ABŞ-ın strateji prioritetlərinin dəyişməsi ilə bağlı ola bilər. Vaşinqton üçün hazırda Yaxın Şərqdə genişmiqyaslı müharibəyə başlamaqdansa, Çinlə geosiyasi rəqabət, Hind-Sakit okean regionunda qüvvələr balansı və daxili iqtisadi gündəm daha vacib hesab edilir. Bu baxımdan İran istiqamətində diplomatik manevr ABŞ-a həm hərbi xərcləri azaltmaq, həm də enerji bazarlarında sabitliyi qorumaq imkanı verir.

İqtisadi baxımdan isə ən böyük qazanan tərəflərdən  biri enerji idxalçısı olan dövlətlər ola bilər. Avropa İttifaqı, Yaponiya, Cənubi Koreya və Çin üçün neft qiymətlərinin sabitləşməsi inflyasiya təzyiqlərinin azalmasına, istehsal xərclərinin aşağı düşməsinə və iqtisadi artım üçün daha əlverişli şəraitin yaranmasına xidmət edə bilər. Əksinə, enerji  ixracatçısı ölkələr üçün yüksək neft qiymətlərinin enməsi büdcə gəlirlərinə müəyyən mənfi təsir göstərə bilər.

Bu tendensiyanın Azərbaycana da birbaşa təsiri var. Bir tərəfdən, neftin qiymətinin aşağı düşməsi dövlət büdcəsinin enerji gəlirlərinə təsir göstərə bilər. Digər tərəfdən isə regionda sabitliyin möhkəmlənməsi beynəlxalq nəqliyyat marşrutlarının, investisiya axınının və enerji layihələrinin təhlükəsizliyi baxımından müsbət amildir. Xüsusilə Avropanın enerji təhlükəsizliyində Azərbaycanın təbii qaz ixracının əhəmiyyətinin artdığı bir dövrdə Yaxın Şərqdə hərbi risklərin azalması Bakı üçün daha proqnozlaşdırılan iqtisadi mühit yarada bilər.

Siyasi təhlilçilər hesab edirlər ki, qarşıdakı həftələr prosesin taleyini müəyyən edəcək. Əgər diplomatik danışıqlar real nəticələr verərsə, ABŞ-İran  münasibətlərində yeni mərhələnin əsası qoyula bilər. Əks halda, nüvə proqramı, sanksiyalar, regional silahlı qruplar və Hörmüz boğazında təhlükəsizlik ətrafında ziddiyyətlərin yenidən kəskinləşməsi bölgəni növbəti hərbi böhrana sürükləyə bilər.

Beləliklə, Donald Trampın hərbi əməliyyatları dayandırmaq qərarı hələlik sülhün bərqərar olması anlamına gəlmir. Bu addım daha çox geosiyasi  oyunda tərəflərə nəfəs dərmək və yeni mövqelər müəyyənləşdirmək üçün verilmiş taktiki imkan kimi qiymətləndirilir. Diplomatiyanın qalib gəlib- gəlməyəcəyini isə yaxın aylarda Vaşinqton və Tehranın masada əldə edəcəyi nəticələr müəyyənləşdirəcək.

Siyasət şöbəsi

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->