Heydər Əliyev Fondu koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısınının alınması üzrə tədbirlər çərçivəsində sosial layihəyə başlayıb.
Qaynarinfo xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən martın 24-dən aprelin 20-dək ölkədə xüsusi karantin rejimi elan edildiyindən və bu tədbirlər çərçivəsində 65 yaşdan yuxarı şəxslərin evdən çıxması qadağan olunduğundan "Regional İnkişaf” İctimai Birliyinin (RİİB) könüllüləri respublikanın bütün rayon və şəhərlərində bu qəbildən olan tənha yaşayan sakinlərə yardımlar edir.
Belə ki, xüsusi karantin rejimi dövründə yaşı 65-dən yuxarı olan və tənha yaşayan vətəndaşlara müxtəlif ərzaq məhsullarından ibarət sovqatlar çatdırılır. Həmçinin, dərman vasitələrinin alınması, evlərdə həkim müayinələrinin təşkil olunması kimi sosial xidmətlərin göstərilməsi də nəzərdə tutulur.
Qeyd edək ki, karantin rejimi müddətində 65 yaşdan yuxarı tənha şəxslər gündəlik zəruri sosial xidmət sahəsi üzrə müraciətləri ilə bağlı RİİB-in «150» qaynar xəttinə müraciət edə bilər.
Şərhlər