Dünya 10:01 25.01.2023

II Dünya müharibəsindən sonra alman tankları yenidən Ukraynada – Bu dəfə dost kimi

Dünən dünya mediasının diqqəti Almaniyaya yönəlmişdi. Belə ki, "The Wall Street Journal” ABŞ rəsmilərinə istinadən məlumat yayıb ki, Co Bayden administrasiyası "Abrams M1” tanklarının ilk partiyasını Ukraynaya göndərmək qərarına gəlib, tədarüklə bağlı elan bu həftə verilə bilər. Daha sonra nəşr qeyd edib ki, söhbət təxminən 30 amerikan tankından gedir. 

Baxmayaraq ki, bundan əvvəl ABŞ hərbi rəsmiləri dəfələrlə açıq şəkildə bəyan ediblər  ki, "Abrams” tankları uzunmüddətli təlim və bahalı maddi-texniki təchizat tələb edir və buna görə də müharibənin hazırkı mərhələsində Silahlı Qüvvələr üçün uyğun deyil. Xüsusilə, hərbçilər xatırladıblar ki, bunlar hamı kimi dizellə deyil, reaktiv yanacaqla işləyir. 

Bu səbəbdən də, keçən həftə Almaniyanın Ramşteyn bazasında keçirilən görüşdə ABŞ və müttəfiqləri Almaniyanı öz istehsalı olan "Leopard” tanklarının tədarükünə və digər ölkələrin Kiyevə həmin tankların göndərilməsinə razılıq verilməsinə çalışıblar. Lakin müttəfiqlər almanları "tank” inandından döndərə bilməyiblər. 

Qeyd edilir ki, məhz yanvarın 17-də prezident Co Bayden və Almaniya kansleri Olaf Şolts arasında telefon danışığından sonra ABŞ tankların çatdırılması ilə bağlı mövqeyini dəyişib. Bayden Pentaqonun qərarına qarşı Abrams tanklarının tədarükü məsələsini nəzərdən keçirməyə razılaşıb. 

Ayrı-ayrı media, ekspertlər və ABŞ rəsmiləri bildiriblər ki, rəsmi Berlin təkbaşına bu məsuliyyəti üzərinə götürmək istəmir və yalnız "böyük” müttəfiqin ilk addımından sonra Ukraynaya tank göndərilməsinə razılıq verə bilər. Hətta ABŞ Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsinin rəhbəri Maykl Makkol ABC telekanalına müsahibəsində bildirib ki, əgər Vaşinqton ən azı bir "Abrams” tankını Kiyevə təhvil versə, o zaman Almaniya Ukraynaya özünün "Leopard” tanklarını verməyə razı olacaq. 

Görünür ki, ABŞ administrasiyasının bu qərarı Almaniya ilə daha geniş razılaşmanın bir hissəsi olacaq. Bundan sonra Berlin Ukrayna Silahlı Qüvvələrinə planlaşdırıldığından daha az sayda "Leopard 2” tankı göndərməyə razı olmalı, həmçinin Polşa və digər ölkələrlə alman istehsalı olan tankların təkrar ixracına razılıq verməlidir. Ağ Ev hesab edir ki, belə saziş ABŞ və Avropa hökumətləri arasında müharibənin mühüm məqamında Ukraynaya tank tədarükü ilə bağlı fikir ayrılıqlarını aradan qaldıracaq. 

Vaşinqtondan gələn bu xəbərdən (qeyri-rəsmi olsa da) sonra Polşa alman istehsalı olan tankların Ukraynaya təkrar ixracı üçün rəsmi müraciət göndərdiyini, Almaniya tərəfi isə bu sorğunu aldığını və tez bir zamanda bununla bağlı dövlət səviyyəsində cavab verəcəyini açıqlayıb. Artıq axşam saatlarında alman mediası bildirib ki, kansler Olaf Şolts yaxın vaxtlarda Almaniyanın Ukraynanı müasir Leopard-2 tankları ilə təmin edəcəyini rəsmən elan edəcək və digər müttəfiqlərə də "yaşıl işıq” yandıracaq.

Görünür, bu müharibədə daha bir "tabu” – "tank tabu”su aradan götürüldü. Deməli 82, ildən sonra alman tankları yenidən Ukrayna torpaqlarında peyda olacaqlar, bu dəfə müttəfiq rolunda. İndi isə gəlin baxaq Ukraynanın hansı Qərb tərəfdaşlarının və hansı sayda "Leopard” tanklarını təhvil verməyə hazırdır.  

Almaniya

Qaynarinfo "Spiegel”ə istinadla xəbər verir ki, bir neçə aylıq müzakirələrdən sonra Şolts artıq "Leopard 2” tanklarını göndərmək qərarına gəlib. Hazırda söhbət ən azı bir tank bölüyündən gedir.

Qeyd olunur ki, NATO standartlarına görə, bir tank bölüyü hər biri 4 tankdan ibarət üç taqım və daha 2 tankdan ibarət komanda-nəzarət bölməsindən ibarətdir. Beləliklə, Almaniya minimum 14 ədəd tank verə bilər.

"Spiegel”in məlumatına görə, Ukraynaya Bundesverin ehtiyatlarından ən müasir modifikasiyası olan "Leopard 2A6” tankları veriləcək. Lakin orta və uzunmüddətli perspektivdə döyüş maşınlarının sənaye anbarlarından da təhvil verilməsinə hazırlana bilər.
RND media qrupu Almaniyanın "Rheinmetall” hərbi sənaye konserninin nümayəndəsinə istinadən məlumat yayıb ki, şirkət lazım olduqda Ukraynaya 139 ədəd "Leopard” tankı verə bilər. 

Şirkət nümayəndəsinin sözlərinə görə, şirkətin 29 ədəd "Leopard 2A4” tankı var ki, konserni onları bu ilin aprel-may aylarında təhvil verə bilər. Bundan əlavə, eyni modelin daha 22 tankının təmirə ehtiyacı var ki, bu da təxminən bir il çəkəcək, ona görə də onların çatdırılması 2023-cü ilin sonu və ya 2024-cü ilin əvvəlində mümkündür. "Rheinmetall” həmçinin daha 88 ədəd köhnə "Leopard 1” tədarük edə bilər.

Almaniyanın Bundesver ehtiyatlarından vermək istədiyi təkmilləşdirilmiş A6 modeli, sələfi ilə müqayisədə gücləndirilmiş qüllə zirehləri və əlavə mina mühafizəsi ilə gücləndirilib.

Bundesver müxtəlif modifikasiyalı 300-dən çox tanka sahibdir.

Polşa

Dünən Polşanın Müdafiə naziri Mariuş Blaşçak Almaniyaya "Leopard 2” tanklarının Ukraynaya təkrar ixracı üçün rəsmi müraciət göndərib. Qaydalara görə, istehsalçı ölkə üçüncü tərəfə çatdırılmanı təsdiqləməlidir.

"Almanlar artıq "Leopard 2" tanklarının təhvil verilməsinin razığılı ilə bağlı sorğumuzu alıblar. Mən də Almaniya tərəfini "Leopard 2” tankları ilə Ukraynanı dəstəkləyən ölkələrin koalisiyasına qoşulmağa çağırıram. Bu bizim ümumi işimizdir, çünki biz bütün Avropanın təhlükəsizliyindən danışırıq”, - o Twitter-də yazıb.

Polşa son günlər bu məsələdə ən fəal lobbiçilərdən biridir. Və o, Almaniyanın icazəsi olmadan belə "Leopard 2” tanklarının 14 ədədini təhvil verməyə hazır olduğunu bildirib. 

Ümumilikdə, bu gün Polşa ordusunda bu tankların sayı təxminən 250-dir.

Finlandiya

Finlandiya prezidenti Sauli Niiniste Kiyevə səfəri zamanı "Leopard”ların tədarükü imkanlarını nəzərdən keçirməyə hazır olduğunu təsdiqləyib. O, həmçinin qeyd edib ki, ölkəsi Ukrayna tankçılarının hazırlanmasında kömək edə bilər.
Saya gəlincə, hələ ki, bu məlum deyil. Prezidentin sözlərinə görə, Finlandiya müttəfiq koalisiya qüvvələri tərəfindən ayrıca tank bölməsinin yaradılmasına töhfə verməyə hazırdır.

Finlandiya ordusunun döyüş hazırlığında və anbarlarında 200-ə yaxın "Leopard 2” tankı var.

Norveç

Norveç hökuməti hazırda Ukrayna tərəfinə 8-ə qədər "Leopard 2” tankının verilməsi imkanını nəzərdən keçirir. Məlumat hələ ki, təsdiqini tapmayıb, lakin Dagens Naeringslivin sözlərinə görə, qərar yeni tankların alınması planları ilə bağlı təsdiq oluna bilər.
Qeyd edək ki, Norveç ordusu 36 ədəd "Leopard 2” ilə silahlanıb.

Niderland

Niderlandın Baş naziri Mark Rütte Almaniyadan icarəyə götürdüyü "Leopard 2” tanklarını Ukraynaya göndərmək üçün satın almağı düşündüyünü açıqlayıb.

"Biz onları (Leopard 2 tankları) icarəyə götürmüşük, bu o deməkdir ki, biz onları ala da bilərik. Beləliklə, biz onları bağışlaya da bilərik”, - o vurğulayıb.

Eyni zamanda o, qərarın hələ verilmədiyinə də aydınlıq gətirib. Ancaq söhbətin 18 ədəd tankdan getdiyini söyləmək olar.

İspaniya

"El Mundo”nun məlumatına görə, İspaniya tərəfi "Leopard 2” tanklarının tədarükü imkanlarını nəzərdən keçirir, lakin onların təmiri və hazırlanması təxminən bir aya yaxın vaxt apara bilər.

İspaniyada bu tankların sayı 240 ədəddir. 

Yanvar ayının 20-də keçirilən növbəti Ramşteyn sammitində ümumilikdə 12 ölkə Ukraynaya "Leopard” tanklarının təhvil verəcəkləri barədə razılığa gəlib. Hər bir dövlət bu məsələdə Almaniyadan "yaşıl işıq” gözləyir. 

Ukrayna nə qədər tank istəyir?

Ukraynanın Xarici işlər naziri Dmitri Kulebanın sözlərinə görə, ilk növbədə Ukrayna "Leopard 2”dən tank briqadası yaratmaq istəyir. Ştat üzrə Ukrayna Silahlı Qüvvələrinin tank briqadasında hər birində 31 tank olmaqla üç tabor olmalıdır. Buna görə minimum 93 ədəd tank lazımdır.

"Məqsədimiz "Leopard"dan tank briqadası yığmaqdır. Bu, başlanğıc üçündür. Niyə "Leopard”? Çünki bu, Avropada onilliklər ərzində hazırlanmış və bir çox Avropa ordusunda olan bir tankdır. Ona görə də oradan bir az götürmək olar, burada bir az götürmək olar, onların müxtəlif modifikasiyalar var, lakin biz özümüzə iddialı vəzifələr qoyuruq və bizim iddialı vəzifəmiz tank koalisiyası çərçivəsində briqada toplamaqdır”.

Qeyd edək ki, dekabrda Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Valeri Zalujnı əks-hücum əməliyyatları üçün ümumilikdə ən azı 300 Qərb istehsalı olan tank lazım olduğunu bildirib.

Nizami Bağırov