Xəbər lenti

İran-Ermənistan münasibətləri - Nə baş verir? (ŞƏRH)
Dünya 15:42 01.11.2023

İran-Ermənistan münasibətləri - Nə baş verir? (ŞƏRH)

"Bölgədə daha böyük dövlətlərin maraqları olduğu halda, İrana Ermənistana sərbəst şəkildə ayaq açmağa imkan verilməyəcək".
 
Bunu Qaynarinfo-ya açıqlamasında bunu beynəlxalq məsələlər üzrə ekspert Elşən Mustafayev İrəvanın İranla sərhəddə yeni gömrük məntəqəsi yaratmaq niyyəti fonunda iki ölkə arasında əlaqələrinin bölgəyə təsirləri barədə danışarkən deyib.

Ekspert bildirib ki, İranın Ermənistanda ciddi iqtisadi maraqları var:

"Tehran Ermənistan vasitəsilə müxtəlif yollarla Avropaya çıxır, bu ölkə vasitəsilə idxal-ixrac əməliyyatları həyata keçirir. Bu mənada İrəvanın  İranla sərhəddə yeni gömrük məntəqəsi açılması da yeni bir şey demək deyil. Bu iki ölkə arasında əlaqələr heç zaman pozulmayıb. Bir çox dövlətlər Zəngəzurda konsulluq açmaq qərarına gəlib. Fransa, Kanada, Rusiya buna çalışır. İran artıq konsulluq açıb. Bütün bunlar regiona olan maraqlardan  qaynaqlanır”.



Elşən Mustafayevin sözlərinə görə, İranla sərhəddə yeni gömrük məntəqəsinin yaradılması iqtisadi nöqteyi-nəzərə xidmət etsə də, siyasi məqsəd də daşıyır. Həmsöhbətimiz qeyd edib ki, digər dövlətlər İrana Ermənistanda öz siyasi maraqlarını həyata keçirməyə imkan verməyəcək: 

"İranla Ermənistan əlaqələrinin bölgəyə təsirinə gəlincə, bu həmin münasibətlərin regiona hansı təsirlərinin olub-olmadığından asılıdır. Daha  doğrusu, Qərbin Ermənistanda hansı şəkildə mövcud olub-olmamasından asılıdır. Fransa, ABŞ Ermənistanda hər hansı bir formada fəaliyyətini genişləndirsələr, onlar İranın həmin ölkədə ciddi şəkildə mövcudluğuna dözməyəcəklər. Rusiya da bölgədə qalacağı təqdirdə, yalnız bəzi məsafələr çərçivəsində İrana regiona daxil olmağa imkan verəcək. Bölgədə daha böyük dövlətlərin maraqları olduğu halda, İrana Ermənistanda sərbəst şəkildə ayaq açmağa imkan verməyəcəklər”.

Qeyd edək ki, Ermənistan İranla sərhəddə yeni gömrük məntəqəsi tikməyi planlaşdırır. "Sputnik  Armenia”ya xəbər verir ki, bu barədə Ermənistan Dövlət Gəlirləri Komitəsinin rəhbəri Rüstəm Badasyan deyib. Onun sözlərinə görə, Meğridə tikiləcək gömrük məntəqəsi bütün beynəlxalq standartlara cavab verəcək. Həmin məntəqənin istifadəyə verilməsi sənədləşmə prosedurlarını sürətləndirəcək və gömrük nəzarətinin səmərəliliyini artıracaq. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->