Xəbər lenti

İrandakı səfirliyimizə terror hücumunun xronologiyası: Nə baş verib? - GÖRÜNTÜLƏR
Siyasət 14:40 28.01.2023

İrandakı səfirliyimizə terror hücumunun xronologiyası: Nə baş verib? - GÖRÜNTÜLƏR

Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumunun arxasında Tehran hakimiyyətinin dayandığını təsdiqləyən çoxsaylı faktlar var. Şübhələri İran üzərinə çəkən ən əsas məqamlardan biri isə videogörüntülərdir.

"Report”un əldə etdiyi məlumata görə, yanvarın 27-də səhər saat 8:32-da terrorçu səfirliyin binasına daxil olub və içəridə qarşıdurma yaranıb. 4 dəqiqədən sonra, yəni 8:36-da o, binadan çıxarılıb.

Saat 8:37-dən saat 8:44-ə kimi terrorçu avtomatla qapılara atəş açıb və ağır çəkiclə qapını açmağa səy göstərib. Silahlı şəxs 8:45-də qapını açıb yenidən içəri daxil olub. Daha sonra terrorçunu yangönsöndürən balonla vururlar və növbəti dəfə çölə çıxarırlar.

Saat 8:50-də o, səfirliyin avtomobilini yandırıb. Ətrafa xeyli insan toplanıb.

Başqa bir diqqət çəkən məqam çölü çəkən kameraların real vaxtdan 24 dəqiqə geri qalmasıdır. Buna görə də müxtəlif kameralardakı görüntülərdə vaxt üst-üstə düşmür.

Xüsusilə vurğulamaq lazımdır ki, Azərbaycan səfirliyinin önündə olan köşkdən çıxan İran polisi əvvəlcə heç nə etmir, sonra isə çıxıb gedir.

Böyük itkilərin qarşısını alan səfirlik əməkdaşının qəhrəmanlığı xüsusilə diqqətəlayiqdir. Binanın daxilində və ətrafında 20 dəqiqəyə yaxın davam edən atışma baş verən zaman heç bir addım atmayan və yalnız sonda terrorçunu saxlamağa məcbur olan Tehran polisinin səhlənkarlığını da vurğulamaq yerinə düşər.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs "Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda bu xain hücum üzrə araşdırma gedir.

Azərbaycan səfirliyinə hücum edən şəxs səfirlik əməkdaşları tərəfindən saxlanılıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->