Dünya 14:55 24.11.2022

İsrail gizli şəkildə Qərbə İran dronlarının Rusiyaya tədarükünü dayandırmağı təklif etdi

İsrail Ukraynada mülki infrastruktura zərbələr endirmək üçün istifadə edilən İran pilotsuz uçuş aparatları və ballistik raketlərinin Rusiyaya tədarükünü dayandırmaq qərarına gəlib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Axios” rəsmilər arasındakı mənbələrə və İsrail Xarici İşlər Nazirliyinin teleqramlarına istinadən yazır

Nəşrin yazdığına görə, oktyabrın 20-də İsrail Xarici İşlər Nazirliyi dünyanın əsas ölkələrində fəaliyyət göstərən onlarla İsrail səfirliyinə məxfi teleqram göndərib. Orada Rusiyaya İran pilotsuz uçuş aparatları və raketlərinin tədarükü məsələsini gündəmə gətirməyə çağırış olub. Daha sonra nazirlik İranın Rusiya ordusunu silahla necə təchiz etdiyini göstərən kəşfiyyat məlumatları ilə dosye göndərib.

Bundan qısa müddət sonra İsrail diplomatları bir çox ölkədə bu məsələ ilə bağlı koordinasiyalı demarşlar edib və kəşfiyyat məlumatları yerli hökumətlərə ötürülüb. İsrailin NATO-dakı səfiri dosyeni alyansın baş katibinin müavininə təqdim edib, digər yüksək səviyyəli İsrail diplomatı isə Aİ mənzil-qərargahında və Avropa Parlamentində mövzu ilə bağlı bir sıra görüşlər keçirmək üçün Brüsselə gedib.

Moskvada İsrail səfiri məsələni Rusiya xarici işlər nazirinin müavini qarşısında qaldırıb və Təl-Əvivin narahatlığını çatdırıb. İsrail hökuməti daha da irəli getmək və İranın pilotsuz uçuş aparatlarının yayılmasına dair beynəlxalq konfransa ev sahibliyi etmək istəyir. İsrailin bütün müttəfiqlərinin orada iştirak edəcəyi gözlənilir.

"Axios”un rəsmilər arasında mənbələrinin bildirdiyinə görə, onlar İranın Rusiyaya hərbi yardımı mövzusundan Tehrana beynəlxalq təzyiqləri artırmaq üçün istifadə etməyə ümid edirlər. Eyni zamanda, İran fevralın 24-də müharibə başlayandan sonra Rusiya ordusuna PUA-lar verilməsini artıq inkar etməyə başlayıb.

"Mən Qərb ölkələrinin İranın Rusiyaya raket və pilotsuz uçuş aparatlarının verdiyini iddia edərək qaldırdıqları səs-küyü müzakirə etmək istərdim... Raketlərlə bağlı iddialar tamamilə yanlışdır. PUA-larla bağlı olan hissə düzdür: biz Ukraynada münaqişə başlamazdan bir neçə ay əvvəl Rusiyaya az sayda pilotsuz uçuş aparatı vermişik”, - İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian noyabrın əvvəlində deyib.

Avqustun 16-dan etibarən Ukrayna İranın "Şahed-136” pilotsuz uçuş aparatlarının müntəzəm hücumları barədə məlumat verir. Bu günə qədər onların 400-dən çoxu vurulub. Kreml bu məlumatı "yalan” adlandırıb və İran silahlarından istifadəni inkar edib. Bununla belə, BMT Ukraynada vurulan pilotsuz uçuş aparatlarının qalıqları ilə bağlı təhqiqat aparılmasını tələb etdikdə, Rusiya, təhqiqat aparıldığı təqdirdə, təşkilatla münasibətlərinə yenidən baxacağı ilə hədələyib.

Britaniya kəşfiyyatının ehtimalına görə, Rusiyanın İran pilotsuz uçuş aparatlarının hazırkı ehtiyatı tükənib və noyabrın 17-dən onlarlar istifadə edilmir. Kəşfiyyatın məlumatına görə, Moskva yüksək dəqiqlikli qanadlı raketlərin çatışmazlığını pilotsuz uçuş aparatlarının buraxılması ilə kompensasiya etmək üçün yaxın vaxtlarda ehtiyatları artırmağa çalışacaq.

ABŞ və digər Qərb ölkələrinin kəşfiyyat məlumatlarına görə, Moskva və Tehran Rusiyada İran pilotsuz uçuş aparatlarının istehsalını genişləndirmək barədə razılığa gəliblər. İran hasilatı Rusiyaya keçirməklə Moskvaya silah tədarükünə görə sanksiyaların genişləndirilməsindən yayına biləcək.

Nizami Bağırov