Siyasət 12:07 18.08.2022

İsrail və Türkiyə barışır, Bakının qazancı nədir? (ŞƏRH)

Türkiyə ilə İsrail arasında münasibətlər normallaşmağa başlayıb. Yaxın günlərdə hər iki tərəfin səfirlikləri fəaliyyətlərini bərpa edəcək. Avqustun 17-də İsrailin baş naziri Yair Lapid Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparıb. Söhbət zamanı Türkiyə-İsrail əlaqələri, regional məsələlər müzakirə olunub. Türkiyə Prezidenti yeni səfirin təyin edilməsi ilə bağlı ən qısa zamanda addım atılacağını bildirib. Lapid isə bildirib ki, Türkiyə ilə İsrail arasında əlaqələrin bərpası regional sabitlikdə mühüm rol oynayacaq və eləcə də bu, çox mühüm iqtisadi hadisə olacaq.

Qeyd edək ki, Türkiyə ilə İsrail arasında münasibətlər 2010-cu il mayın 31-də Türkiyədən yola çıxaraq Qəzzaya humanitar yardım aparan "Mavi Mərmərə” gəmisi Aralıq dənizində İsrail xüsusi təyinatlılarının hücumuna məruz qalması ilə böhran həddinə çatmışdı. "Mavi Mərmərə” hadisəsindən sonra Türkiyə hökuməti İsrailə diplomatik əlaqələri kəsib, səfirini geri çağırıb. Qeyd edilir ki, Türkiyə sonuncu İsrail səfirini 2018-ci ilin mayında ölkədən çıxarıb. Həmin zamandan İsraildə Netanyahunun hakimiyyətinin sona çatmasına qədər iki ölkənin münasibətləri gərgin olub. Yalnız İsraildə yeni hökumətin iqtidara gəlməsindən sonra münasibətlərdə normallaşma baş verdi. İki ölkə arasında münasibətlərin yaxşılaşmasında Bakının da payı az deyil. Bakı hər iki ölkə ilə ciddi əlaqələrə malikdir. İsraildən müasir dövrün əsas silahlarını alır. Türkiyə ilə isə müttəfiq  münasibətlərimiz var. Sözsüz ki, Ankara ilə Təl-Əviv arasında yaxınlaşma Azərbaycanın da marağındadır. 

Mövzu ilə bağlı Qaynarinfo-ya açıqlama verən Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirir ki, Təl-Əviv ilə Ankara arasında əlaqələrin normallaşması Yaxın Şərqdən tutmuş Ön Asiya və Orta Asiyaya qədər geniş coğrafiyada iqtisadi, geostrateji və siyasi-humanitar baxımdan yeni şərt və keyfiyyət dəyişikliyi formalaşdıracaq ki, bu Bakının da maraqlarına cavab verir:

"Türkiyə son illər mühüm təşəbbüslərlə çıxış edərək dünya siyasətinin əks qütblərində olan tərəfləri bir araya gətirəcək qədər diplomatik siyasi məharət ortaya qoymağı bacarır. Bu kontekstdə İsraillə Türkiyə arasında münasibətlərin yaxşılaşması hər iki dövlətin gələcək perspektivi üçün strateji əhəmiyyət kəsb edir. Düşünürəm ki, iki ölkənin yaxınlaşması Yaxın Şərq və Şimali Afrikadan Avropaya qədər uzanacaq strateji coğrafiyada mühüm keyfiyyət dəyişiklikləri yaradacaq”. 

Deputat qeyd edir ki, münasibətlərin normallaşmasında heç şübhəsiz Azərbaycanın özünəməxsus rolu olub:"Türkiyə Azərbaycanın tarixi müttəfiqi, İsrail isə Bakıya dost ölkədir. Ona görə də Azərbaycanın ötən dövr ərzində göstərdiyi  səylər, iki ölkənin maraqlarının uzlaşdırılması istiqamətində oynadığı rol nəticə  etibarı ilə arzuolunan hədəfə çatmaqdadır. İsrail və Türkiyə Yaxın Şərqin ən güclü və ən müasir ordularına malik ölkələridir. Rəsmi Bakı bir neçə dəfə bəyan edib ki, dostlarımız da öz aralarında dost olsun. Bu diplomatik siyasi fəlsəfədən yola çıxsaq görəcəyik ki, hazırkı mərhələdə Azərbaycanın oynadığı rol üzərində yeni əməkdaşlıq perspektivləri yaranıb”.

Rüfət Sultan