Xəbər lenti

Dünya 23:28 12.06.2023

İsveç və Norveçdən Rusiyadan çıxmaq istəməyən məşhur ABŞ şirkətinə ağır zərbə

İsveç və Norveçdə onlarla şirkət Oreo, Mars, Alpen Gold, Milka, Toblerone, Barny və digər brendlərə sahib olan ABŞ qənnadı istehsalçısı Mondelez International-ın məhsullarını satmaqdan imtina edib.

Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters” məlumat yayıb.

Agentliyin məlumatına görə, boykot Mondelez-in Ukraynaya qarşı müharibə başlayandan sonra Rusiyanı tərk etməməsi ilə bağlıdır. Bu günə qədər boykota SAS və Norwegian Air, SJ dəmir yolu qrupu, Strawberry otellər şəbəkəsi, Elkiop pərakəndə satış şəbəkəsi, Fjord Line gəmiçilik qrupu, Norveç Futbol Assosiasiyası və başqaları qoşulub.

Eyni zamanda, ABŞ korporasiyası yerli şirniyyat istehsalçıları olan Freai və Marabou şirkətlərinin sahibi olduğu Norveç və İsveçdə güclü nüfuza malikdir. Boykot səbəbindən Mondelez bizneslərini qorumaq üçün Norveç hökumətinə müraciət edib.

May ayında Ukrayna hakimiyyəti ABŞ korporasiyasını Rusiyada işləməyə davam etdiyi üçün "müharibənin beynəlxalq sponsorları" siyahısına əlavə edib. Rusiyada şirkətin üç zavodu var: "Bolşevik” fabriki, Pokrovda istehsal müəssisəsi və Böyük Novqorodda zavod.

2022-ci ildə Mondelez-in Rusiyadakı mənfəəti 339 milyon dollar təşkil edib və o, Rusiya büdcəsinə 61 milyon dollar vergi ödəyib.

"Reuters”in məlumatına görə, bəzi Skandinaviya şirkətlərinin Mondelez-lə işləməkdən imtinası birbaşa Ukraynanın qərarı ilə diktə edilib. ABŞ korporasiyası da öz növbəsində mövqelərini aydınlaşdırmaq üçün Skandinaviya ölkələrinin səlahiyyətliləri ilə görüşməyə çalışacaqlarını bildirib.

"Mondelez İnternational bütün siyasi qərarlar və sanksiyalara əməl edir və tam uyğunluğu təmin etmək üçün əməliyyatlara lazımi düzəlişləri nəzərdən keçirməyə davam edəcək”, - şirkətdən bildirilib. 

"Novaya qazeta Europe”un məlumatına görə, Ukraynanın işğalından sonra Rusiyada qalan 100 ən böyük Qərb şirkəti 2022-ci ildə xalis mənfəətini 54% artıraraq 1,1 trilyon rubla çatdırıb. Mondelez Corporation qida sənayesində PepsiCo ilə birlikdə ilk onluğa daxil olub.

Ümumilikdə Qərb şirkətləri Rusiya büdcəsinə 288 milyard rubl gəlir vergisi ödəyib – bu, ümumi federal büdcə gəlirlərinin təxminən 1%-ni təşkil edir. Eyni zamanda, ən çox pul ödəyənlər Fransa (55 milyard rubl), Böyük Britaniya (47 milyard) və ABŞ (40 milyard) şirkətləri olub. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->