Şahin Cəfərli

Blogger
Yazılar
40
İvanişvilinin istefası Gürcüstana nə vəd edir?

İvanişvilinin istefası Gürcüstana nə vəd edir?

Şahin Cəfərli

"Gürcü Arzusu"in lideri Bidzina İvanişvili siyasətdən getdi.

İvanişvili öz missiyasını yerinə yetirdiyini bildirərək hakim partiyanın sədrliyindən və üzvlüyündən istefa verib. O, bundan sonra yalnız öz şəxsi işləri ilə məşğul olacağını deyib.

İvanişvilinin bu qərarı ölkədə siyasi böhranın yarandığı dövrə təsadüf edir. Müxalifət parlament seçkilərinin nəticələrinin saxtalaşdırıldığını söyləyərək qazandığı mandatlardan imtina edib. (Son seçkilərin rəsmi nəticələrinə əsasən iqtidar partiyası 90, müxalifət 60 yer əldə edib.) ABŞ və Avropa Birliyi səfirlərinin vasitəçiliyi ilə böhrandan çıxmaq üçün tərəflər arasında dialoq aparılır. Lakin Qərblə müxalifət arasında da mövqe fərqləri var. Qərb onları parlamentə gedərək mübarizəni orada davam etdirməyə çağırdığı halda, müxalifət yeni seçki tələb edir.

İvanişvilinin öz qərarında nə dərəcədə səmimi olduğu çox önəmlidir. Çünki o, daha əvvəl də baş nazir vəzifəsindən və "Gürcü Arzusu" liderliyindən istefa versə də, partiyanı və ölkəni pərdə arxasından idarə etməyə davam etmişdi. Əgər İvanişvili doğrudan da siyasətdən tamamilə çəkilirsə, onda bu amilin Gürcüstanda siyasi proseslərin axarına çox ciddi təsiri olacaq. Bu halda siyasi böhrandan çıxmaq da asanlaşacaq, ən əvvəl ona görə ki, Gürcüstan müxalifəti ən güclü müxalif partiyanın lideri kimi Saakaşvilinin adı ilə assosiasiya olunur - hər nə qədər Vahid Milli Hərəkat xaricindəki müxalifət bunu istəməsə də... Saakaşvili faktoru qarşısında geri addım atmaq təkcə siyasi baxımdan deyil, psixoloji olaraq da İvanişvili üçün problem idi. Bu iki şəxsin rəqabəti və düşmənçiliyi Gürcüstanın inkişafı önündə bir tıxaca çevrilmişdi, Qərb də bu durumdan narahat idi.

İndi İvanişvilinin istefası ilə (əgər səmimidirsə) bu tıxac açılmış olur. Güman edirəm ki, Saakaşvilinin fürsətçilik etməsinə və bu durumdan fərd olaraq öz siyasi məqsədləri üçün yararlanmasına da imkan verilməyəcək.

OXŞAR XƏBƏRLƏR