Xəbər lenti

İdman 13:28 29.12.2023

"Karvan"ın baş məşqçisi üsyan etdi: "Hakimlər bizi bilərəkdən uduzdurdular" (VİDEO)

Azərbaycan Birinci Liqasının 12-ci turunda baş tutan "Karvan" - "Zaqatala" matçında baş verənlərlə bağlı AFFA-nın İntizam Komitəsi qərarlarını açıqladı. Oyun zamanı futbolçular arasında yaşanan gərginlik onlardan bir neçəsinin, həmçinin klubların cəzalandırılması ilə nəticələndi. 

Komitə matçda baş verənlərlə bağlı xüsusən də "Karvan"ın futbolçularını ağır cəzalandırıb və klubu cərimələyib. Yevlax təmsilçisinin futbolçusu qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün ikisi şərti olmaqla üç oyun cəzalanıb. Bundan başqa, "Karvan"ın 19 nömrəli futbolçusu Ruslan Vorontsov təcavüzkar davranışa (rəqibi təpiklə vurduğuna) görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb. Yevlaxlılar futbolçuların hərəkətləri ilə yanaşı, meydana kənar şəxslərin daxil olmasına, həmçinin PFL-in Əsasnaməsinin tələbinin pozulmasına görə də cərimələnib. Həmçinin İntizam Komitəsi tərəfindən "Zaqatala"nın bir neçə futbolçusu və köməkçi məşqçisi də cəzalandırılıb. 

Ancaq "Karvan"ın baş məşqçisi Kənan Kərimov cəzalardan narazılığını bildirib. Veteran futbolçu Qaynarinfo-ya açıqlamasında hakimlərin onun komandasını bilərəkdən uduzdurduğunu iddia edib:

"Hakimlər bizi bilərəkdən uduzdurdular. Yəni, o şəraiti özləri yaratdı. Onların qərarlarına balacadan tutmuş böyüyə qədər hər kəs reaksiya verirdi. Qol epizodunu bir kənara qoyaq, penalti qərarı biabırçı idi. Videolara baxın, görün hansı epizodda birbaşa penalti və qırmızı vərəqə qərarı veriblər. O qolu ofsayd kimi qeydə almaq ancaq məqsədyönlü ola bilər. Başqa ad vermək mümkün deyil. Səbəbini soruşanda da canlarını "bilərəkdən, məqsədyönlü olmayıb" sözləri ilə qurtarmağa çalışırlar. Aqressiyanın səbəbkarı birmənalı olaraq hakimlərdir. Həm mərkəz, həm də köməkçi hakimlər. Demirəm, prinsip aparırlar. Bəlkə kimsə bu işdə, bizi uduzdurub yolumuzu kəsməkdə maraqlıdır. Mən faktlarla danışıram, boş deyil. Videoya baxın, o cür qərarlara reaksiya verməmək mümkün deyil".

Kərimov "Karvan"da intizamın qaydasında olduğunu, aqressiyanı isə məhz hakimlərin yaratdığını bildirib:

"Mənim futbolçularım aqressiyalı olsalar, hər oyunda belə edərlər. Komandada təlim-tərbiyə yüksək səviyyədədir. Hakimlərin etdikləri... Özləri yaradırlar bu aqressiyanı. Hakimlər kənarda qalıb, onları cəzalandıran yoxdur. Amma klubu cərimələyirlər. Videolara, hakimin verdiyi qərarlara baxsınlar. Cərimələməyə nə var ki?"

Mütəxəssis qərarlardan etiraz edəcəklərini deyib:

"Əlbəttə, apelyasiya şikayəti verəcəyik. Niyə də verməyək? Haqqımız var və buna görə də səsimizi qaldırırıq. Hakimlər haqqında ciddi tədbir görülməlidir. Səhv edənləri bir-iki oyunluq cəzalandırırlar, sonradan yenə təyinat verirlər. Onlar da öz istədiklərini edirlər. Belə olmaz axı. Birinci Liqada hakimliyin səviyyəsi biabırçı həddədir. İndiyə qədər səhvlər olurdu, üzərindən keçirdim. Sonuncu oyunda isə biabırçılıq etdilər. Təmiz qolumuzu saymadılar, penalti qərarı vermədilər. Halbuki həmin anda açıq ayaqla böyür tərəfdən futbolçumuzu vururdu".


 
 

Səbuhi Həsənov 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->