Xəbər lenti

Kərimov:
İdman 13:22 03.11.2023

Kərimov: "Bu təkcə “Qəbələ” deyil, Azərbaycan təmsilçiliyi olacaq"

"Qəbələ”nin baş meneceri Nail Kərimov Avropa Klublar Assosiasiyasına (ECA) təyinat alıb. Klub rəsmisi 2023-2027-ci illəri əhatə edən tsikldə ECA-nın uşaq futbolu üzrə işçi qrupunun üzvlərindən biri olacaq. 

Kərimov yeni vəzifəsi ilə bağlı Qaynarinfo-ya təəssüratlarını bölüşüb:

"Hazırda elə də təəssürat yoxdur. O vaxt Berlindəki baş assambleyada işçi qrupları üzrə müraciətlər edilirdi. Bir neçə qrup var idi. Mənə bu qrup daha maraqlı gəldiyi üçün seçimimi etdim və müraciətim müsbət qəbul olundu”.

"Qəbələ” rəsmisi ECA-da hansı şəkildə fəaliyyət göstərəcəyi ilə bağlı sualı belə cavablandırıb:

"Ayın 15-də ilk iclas keçiriləcək. Orada bölgülər aparılacaq. Hazırda heç bir şey yoxdur. Sadəcə, iclasa dəvət ediblər, orada kimin üzərinə hansı vəzifələrin düşəcəyi aydınlaşacaq. Klubların akademiyalarının fəaliyyəti, ilk peşəkar müqavilələr zamanı çıxan problemlər, uşaqların hüquqlarının qorunmaları, məşqçi, menecer heyətinin bu sahədəki təsirinin artırılması, təlimlər keçirilməsi, hər ay bir klubun bazasında digərlərinin nümayəndələri üçün seminarlar təşkil edilməsi, dünyada uşaq futbolu ilə bağlı yeniliklərin çatdırılması, sorğuların, iclasların təşkili bu fəaliyyətə daxildir”.

Kərimov nəinki "Qəbələ”, Azərbaycanda istənilən klubun akademiyasında yaranan problemlərə görə səsimizin UEFA-ya çatdırılmasının mümkünlüyünü də deyib:

"Çox güman belə olacaq. İndidən nəsə demək istəməzdim. Amma təbii ki, bu təkcə "Qəbələ” deyil, Azərbaycan təmsilçiliyi olacaq. Burada UEFA-nın tərkibinə daxil olan bütün klublardan söhbət gedir. Onların hər birinin fəaliyyətinin təşkilindən, müraciətinin UEFA-ya çatdırılmasından söhbət gedir. Təbii ki, hansı addımın atılması mümkündürsə, ön sıralarda bu olacaq”.

O, Avropa Klublar Assosasiyasındakı işinin "Qəbələ”dəki fəaliyyətinə ciddi təsir etməyəcəyini də bildirib:

"Xeyr, bu o qədər də böyük vaxt tələb edən iş deyil. İl ərzində maksimum iki-üç səfər planlaşdırılır, qalan iclaslar onlayn keçirilə bilir. Vaxt cəhətdən hər hansı sıxıntı yoxdur”.

Səbuhi Həsənov


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->