XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Kollagen əlavələri həqiqətən faydalıdır?
Sağlamlıq23:28 07.10.2026

Kollagen əlavələri həqiqətən faydalıdır?

Yaşlanma əleyhinə məhsullar arasında populyarlığı getdikcə artan kollagen əlavələrinin effektivliyi ilə bağlı elmi araşdırmalarda ciddi metodoloji və statistik qüsurlar aşkarlanıb.

Qaynarinfo xəbər verir ki, “Journal of Cosmetic Dermatology” jurnalında dərc olunan yeni araşdırmada kollagen əlavələrinə olan tələbatın mövcud elmi sübutların etibarlılığını üstələdiyi bildirilib.

Dublin Triniti Kollecinin biostatistiki Devid Robert Qrayms və britaniyalı dermatoloq Anjali Mahto tərəfindən hazırlanan məqalədə dəri yaşlanmasına qarşı kollagen əlavələrinin təsirini araşdıran elmi işlərin bir sıra çatışmazlıqları olduğu qeyd edilib.

Statistik səhvlər və kommersiya əlaqələri

Tədqiqatçılar 2021 və 2023-cü illərdə dərc olunmuş iki meta-analizi araşdırarkən statistik göstəricilərin hesablanmasında qarışıqlıqlar və səhvlər aşkar ediblər.

Araşdırmalardan birində statistik baxımdan əhəmiyyətli olmayan nəticənin əhəmiyyətli nəticə kimi təqdim edildiyi müəyyənləşdirilib. Məlumatlar düzəldildikdən sonra kollagenin dozası ilə dərinin nəmliliyi və ya elastikliyinin artması arasında statistik əhəmiyyətli əlaqə aşkarlanmayıb.

Mütəxəssislər həmçinin araşdırılan elmi işlərin böyük əksəriyyətinin sənaye tərəfindən maliyyələşdirildiyini və ya müəlliflərin kollagen istehsalçıları ilə kommersiya əlaqələrinin olduğunu bildiriblər.

Bundan başqa, sınaqların əksəriyyətinin kiçik miqyaslı olduğu, iştirakçıların yaş qrupları, gündəlik qəbul edilən kollagen dozaları və müalicə müddətlərinin bir-birindən ciddi şəkildə fərqləndiyi vurğulanıb.

Əvvəlki bəzi tədqiqatlarda kollagenin digər bioloji aktiv maddələrlə birlikdə istifadə olunmasının da nəticələrin etibarlılığına mənfi təsir göstərə biləcəyi qeyd edilib.

“Elmi baxımdan əsaslandırmaq mümkün deyil”

Hidrolizə olunmuş kollagenin peptidlərə parçalanaraq həzmi asanlaşdırıldığı məlum olsa da, bu maddələrin insan orqanizmində dəriyə çatıb-çatmadığını göstərən araşdırmaların kifayət qədər olmadığı bildirilib.

Mütəxəssislər kollagenin gələcəkdə dermatologiyada müəyyən rol oynaya biləcəyini istisna etmirlər. Lakin hazırkı mərhələdə onun təsdiqlənmiş yaşlanma əleyhinə vasitə kimi təqdim edilməsinin elmi baxımdan əsaslandırılmasının mümkün olmadığını hesab edirlər.

Müstəqil və yüksək keyfiyyətli sübutlar əldə olunana qədər həkimlərin kollagen əlavələrini tövsiyə etməməli olduğu vurğulanıb. Həmçinin Britaniya Dermatoloqlar Assosiasiyası və Avropa Dermatologiya və Zöhrəvi Xəstəliklər Akademiyası kimi qurumların bu məsələ ilə bağlı müvafiq tövsiyələr hazırlamasının vacibliyi qeyd edilib.

Günay