XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Təbii enerji mənbəyi: Yorğunluqdan xilas edən 5 meyvə
Sağlamlıq00:00 07.10.2026

Təbii enerji mənbəyi: Yorğunluqdan xilas edən 5 meyvə

Günortadan sonra yaranan halsızlıq çoxlarına tanışdır. Belə məqamlarda insanın əli adətən peçenyeyə və ya növbəti fincan qəhvəyə uzanır. Lakin dietoloqlar adi meyvələrə diqqət yetirməyi məsləhət görür. Onlardan bəziləri dərhal enerji verir və bu təsiri daha bir neçə saat qoruyur.

Qaynarinfo xəbər verir ki, bu barədə "Verywell Health" yazıb.

Banan

İlk növbədə diqqət yetirilməsi tövsiyə olunan meyvə banandır. Bir bananda təxminən 113 kalori, 26,4 qram karbohidrat və 2 qrama yaxın lif var. Banan kaliumla zəngin olması ilə tanınır, lakin tərkibindəki karbohidratlar onu sürətli qəlyanaltı üçün də əlverişli edir.

Filadelfiyalı diyetoloq Steysi Vudsonun sözlərinə görə, banandakı sadə şəkərlər – fruktoza və qlükoza – orqanizm üçün sürətli enerji mənbəyidir.

Lif isə həzmi ləngidir. Bunun sayəsində enerji tədricən ayrılır və şirin qidadan sonra qanda şəkərin kəskin azalması riski aşağı düşür. "Foods" elmi jurnalında dərc olunan icmala görə, həll olunan lif qidadan sonra qanda şəkərin səviyyəsinin nə qədər sürətlə yüksəlməsinə təsir göstərir.

Bananı fıstıq yağı ilə birlikdə qəbul etdikdə onun enerji verən təsiri daha uzunmüddətli ola bilər. Bir xörək qaşığı fıstıq yağında təxminən 8 qram yağ, əsasən faydalı doymamış yağlar, həmçinin 3,84 qram zülal var.

Mütəxəssis bildirib ki, belə kombinasiya həzmi daha da ləngidir, bəzi qida maddələrinin mənimsənilməsini yaxşılaşdırır və daha uzun müddət toxluq hissinin qorunmasına kömək edir.

Alma

Orta ölçülü Fuji almasının tərkibində 91 kalori, 21,8 qram karbohidrat və təxminən 3 qram lif var. Bu, banandakı lif miqdarından belə çoxdur. Bundan əlavə, almada su, C vitamini, dəmir və bitki mənşəli antioksidantlar mövcuddur.

Dietoloqun sözlərinə görə, almadakı lif orqanizmin şəkəri nə qədər sürətlə emal etdiyini tənzimləyir və daha sabit, uzunmüddətli enerji təmin edir.

Alma şirəsində isə vəziyyət fərqlidir: tərkibində şəkər olsa da, onun təsirini ləngidəcək lif yoxdur. Buna görə şirə qanda şəkərin daha sürətlə yüksəlməsinə və ardınca azalmasına səbəb ola bilər.

Almanı keşyu və ya fıstıq yağı ilə birlikdə qəbul etmək də tövsiyə olunur. Bu, toxluq hissinin daha uzun davam etməsinə kömək edə bilər.

Portağal

Bir portağalda təxminən 73 kalori, 16,5 qram karbohidrat və 2,8 qram lif var. Meyvə həmçinin C vitamini, kalsium və fosforla zəngindir.

Mütəxəssis qeyd edib ki, portağalı özünüzlə aparmaq rahatdır, hazırlanmasına demək olar ki, ehtiyac yoxdur və enerji ilə yanaşı, lif və digər faydalı qida maddələri də təmin edir.

Portağala yarım stəkan (110 qram) yağlı kəsmik əlavə etmək olar. Bu zaman qəlyanaltıya əlavə olaraq təxminən 14 qram zülal və 4,5 qram yağ daxil olur.

Xurma

Şəkər və lif miqdarına görə az sayda meyvə xurma ilə müqayisə oluna bilər. Dörd ədəd "Medjool" xurmasında 277 kalori, 75 qram karbohidrat və 6,7 qram lif var.

Bu lifin 16 faizə qədəri həll olunandır. Bağırsaqlarda gelə çevrilən bu lif həzmi ləngidir. Xurma kalium və maqneziumla zəngindir, həmçinin dəmir, sink və fosfor ehtiva edir.

Araşdırmalara görə, xurmanın tərkibində keyfiyyətli zülal da var və onun doqquz əvəzolunmaz amin turşusundan səkkizi mövcuddur.

Qurudulmuş manqo

Yarım stəkan şəkərsiz qurudulmuş manqoda 130 kalori, 29 qram karbohidrat və 2 qram lif var. Dietoloqun sözlərinə görə, bu məhsul həm sürətli, həm də daha uzunmüddətli enerji təmin edə bilər. Əlavə şəkərli qazlı içkilər və qəlyanaltılarla müqayisədə burada enerjinin kəskin azalması riski daha aşağıdır.

Manqo A və C vitaminləri, maqnezium, kalium və manqiferin, polifenollar, karotinoidlər və flavonoidlər kimi faydalı bitki birləşmələri ilə də zəngindir.

Yaxşı əlavə olaraq bir ovuc keşyu, yəni təxminən 28 qram, qəbul edilə bilər. Bu miqdarda təxminən 4 qram zülal və 13,5 qram yağ var.

Meyvələrdəki karbohidratlardan qorxmaq lazımdır?

Keto və paleo kimi bir sıra pəhrizlər meyvələrin məhdudlaşdırılmasını tövsiyə edir. Lakin diyetoloq bununla razılaşmır.

"Mütləqyyən yox. Karbohidratlar orqanizm üçün əsas enerji mənbəyidir", deyə o bildirib.

Onun sözlərinə görə, meyvələr karbohidratların ən qidalı mənbələrindən biridir.

"Meyvələrin təbii şəkərləri vitaminlər, minerallar, su və liflə birlikdə olduğundan, onlar orqanizm üçün qidalı enerji mənbəyidir", deyə mütəxəssis izah edib.

Karbohidrat və əlavə şəkər miqdarı yüksək, lakin lif baxımından kasad olan məhsullarda isə vəziyyət fərqlidir. Makaron, un məmulatları və ağ çörək qanda şəkərin səviyyəsinin kəskin yüksəlib daha sonra sürətlə azalmasına daha çox səbəb ola bilər.

Jalə