XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

İnsanın təbiətən zorakılığa meyillidirmi? - Akimlər şübhə edir
Dünya21:28 07.10.2026

İnsanın təbiətən zorakılığa meyillidirmi? - Akimlər şübhə edir

Primatlar, o cümlədən insanlar arasında gündəlik aqressiya heç də həmişə ölümcül zorakılığa çevrilmir. Görünür, kiçik münaqişələr və növdaşların öldürülməsi təkamül prosesində fərqli yollarla formalaşıb. Böyük Britaniyanın Linkoln Universitetinin tədqiqatçıları 100 primat növünün davranışını müqayisə edərək bu qənaətə gəliblər.

Qaaynarinfo xəbər verir ki, araşdırmanın nəticələri "Evolution Letters" jurnalında dərc olunub.

Zorakılığın mənşəyinə dair bir çox nəzəriyyə aqressiyanı vahid xüsusiyyət kimi nəzərdən keçirir. Bu yanaşmaya görə, gündəlik münaqişələrə tez-tez girən növlərin rəqiblərini öldürmək ehtimalı da daha yüksək olmalıdır. Yeni araşdırma isə bunun sadələşdirilmiş yanaşma olduğunu göstərib: yumşaq aqressiyanın yüksək səviyyəsi növün rəqiblərini öldürməyə meyilli olması demək deyil.

Tədqiqatçılar adi münaqişələrdən ölümcül hücumlara qədər aqressiyanın beş formasını çoxsaylı primat növləri üzrə geniş məlumat bazası əsasında müqayisə ediblər. Məlum olub ki, ölümcül zorakılığın müxtəlif növləri – yetkin rəqiblərin öldürülməsi və balaların öldürülməsi – bir-biri ilə orta səviyyədə əlaqəlidir, lakin gündəlik aqressiya ilə demək olar ki, əlaqəsi yoxdur.

Bu isə göstərir ki, ölümcül zorakılığın və gündəlik münaqişələrin arxasında, görünür, fərqli bioloji və təkamül mexanizmləri dayanır.

"Apardığımız araşdırma göstərir ki, aqressiyanın təkamülü əvvəlki modellərin ehtimal etdiyindən daha mürəkkəbdir. Növləri onların ümumi aqressiyaya meyli üzrə sıralamaq bioloji baxımdan düzgün deyil. Söhbət insanın təbiətən zorakılığa meyilli olub-olmamasından gedəndə daha incə yanaşmaya ehtiyac var", deyə araşdırmaya Samanta Ueyks və Marsello Ruta ilə birlikdə rəhbərlik edən sosial təkamül professoru Bonaventura Mayolo bildirib.

Nəticələr insan zorakılığının kökləri ilə bağlı antropoloqlar və təkamül bioloqları arasında uzun illərdir davam edən mübahisəyə yeni arqumentlər əlavə edir. Əsas sual zorakılığın insanın təkamül tarixində dərin köklərə malik olub-olmaması və ya daha çox sosial və mədəni amillərlə müəyyənləşməsidir.

Müəlliflər vurğulayırlar ki, əldə olunan məlumatlar biologiyanın rolunu inkar etmir. Bununla belə, nəticələr zorakılığa xırda mübahisədən qətlə qədər vahid bir şkala üzrə sıralana bilən, irsi xarakter daşıyan tək xüsusiyyət kimi yanaşmağın sadə və düzgün olmadığını göstərir.

Aydın