Texnologiya 14:19 21.10.2022

Maskın Ukraynaya təhdidi başına iş açdı: ABŞ yoxlamaya başlaya bilər - "Bloomberg"

Prezident Co Bayden administrasiyasının rəsmiləri ABŞ-ın Twitter razılaşması və "SpaceX”in "Starlink” peyk şəbəkəsi də daxil olmaqla, Elon Maskın bəzi bizneslərini milli təhlükəsizlik baxımından yoxlamaya məruz qoyulması barədə müzakirələr aparır.

Bu barədə Qaynarinfo "Bloomberg”ə istinadən xəbər verir.

ABŞ rəsmiləri Maskın bu yaxınlarda Ukraynaya "Starlink” peyk xidmətini kəsməklə hədələməsindən və Maskın Putinin lehinə sülh təkliflərini açıqladığı bir sıra tvitlərində Rusiyayla dostluq mövqeyindən narahatdır. Onlar həmçinin onun bir qrup xarici investorla birlikdə Twitter-i almaq planlarından da narahatdırlar.

Mənbələr bildiriblər ki, müzakirə hələ ilkin mərhələdədir. Maskın bizneslərini mümkün yoxlanılması variantlardan biri - ABŞ-ın Maliyyə Nazirliyi tərəfindən idarə olunan ABŞ-da Xarici İnvestisiya Komitəsini (CFIUS) tənzimləyən qanunvericilikdən keçir.

CFIUS-un nəzərdən keçirilməsinə səbəb ola biləcək 44 milyard dollarlıq Twitter müqaviləsinin elementlərindən biri Mask konsorsiumunda xarici investorların olmasıdır. Qrupa Səudiyyə Ərəbistanı şahzadəsi Əl-Valid bin Talal, Çin vətəndaşı tərəfindən qurulan və idarə olunan Binance kriptovalyuta birjası və Qətərin suveren sərvət fondu daxildir.

Dünyanın ən varlı adamı olan Mask son həftələrdə Putinin şərtləri ilə Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoymaq təkliflərini açıqlayıb və Ukraynada "Starlink” internetinə maliyyə dəstəyini kəsməklə hədələyib. Onun tvitləri və ictimai şərhləri ABŞ və Avropadakı rəsmiləri məyus edib və ABŞ rəqiblərinin tərifinə səbəb olub.

Mask daha sonra "Starlink” üçün maliyyəni kəsmək hədəsini geri götürüb və xidmətin xərclərini öz üzərinə götürməyə davam edəcəyini söyləyib. "Starlink” Rusiya işğalı zamanı Ukraynada mühüm rabitə vasitəsinə çevrilib. Mask bu xidməti pulsuz təqdim edir, lakin SpaceX-in Ukraynaya xidmət göstərməsi ilə ayda 20 milyon dollar itirdiyini və bu xərci sonsuza qədər daşıya bilməyəcəyini söyləyib.

Məsələ ilə yaxından tanış olan mənbələrin sözlərinə görə, rabitə kəsiləcəyi təqdirdə ABŞ hökuməti də Starlink-dən istifadə etmək niyyətindədir.

Nizami Bağırov