Milli Məclisdə "Toxumçuluq haqqında" qanun layihəsinin müzakirəsi zamanı parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib ki, Azərbaycan tədricən öz milli bitki sortlarını itirir.
"XX əsrin 80-ci illərində Göyçay narının tingləri ilə ABŞ-da plantasiyalar salınırdı. Bəs niyə uşaqlığımızın alması, pomidoru, qarpızı, yemişi, kartofu, soğanı əvvəlki dadını vermir? Yüksək məhsuldarlıq naminə həm keyfiyyəti, həm də milli sortlarımızın genofondunu itiririk", deyə deputat bildirib.
Onun sözlərinə görə, hibrid sortlar daha məhsuldardır, daşınmaya davamlı olur, eyni ölçüdə yetişir, uzun müddət xarab olmur və iri ticarət şəbəkələrinin tələblərinə daha yaxşı cavab verir.
İqtisadçı ekspert Natiq Cəfərli Qaynarinfo-ya açıqlamasında problemin gündəmə gətirilməsini müsbət qiymətləndirsə də, bununla kifayətlənməyin doğru olmadığını bildirib.
"Problemləri dilə gətirmək yaxşıdır və bunu dəstəkləyirəm. Amma həll yolları da göstərilməlidir. Zahid Oruc və digər qanunvericilik təşəbbüsü hüququ olan şəxslər konkret nə təklif edirlər? Bu mövzuda ciddi müzakirələr aparılmalıdır", deyə ekspert bildirib.
Natiq Cəfərli hesab edir ki, yalnız tənqidlə kifayətlənmək düzgün yanaşma deyil.
"Problemi göstərməklə yanaşı, onun həlli yolları da təklif olunmalıdır", deyə o əlavə edib.
Fermer Anar Abbasov da Zahid Orucun narahatlığını bölüşür. Onun sözlərinə görə, milli toxumçuluq faktiki olaraq sıradan çıxır. Lakin bunun əsas səbəbi iqtisadi reallıqlardır.
"Bu gün yerli balqabaq toxumu əkəndə bir hektardan maksimum 25 ton məhsul götürə bilərəm. Hollandiya toxumu isə 70-80 ton məhsul verir. Fermer üçün əsas qazancdır. Hansı fermer 80 tonu qoyub 20 tonun arxasınca gedər?" deyə fermer bildirib.
Fermer qeyd edib ki, yerli toxum əkməyə hazırdır, lakin bunun üçün iqtisadi stimul olmalıdır.
"Yerli toxumdan yetişən məhsulun kiloqramını 1 manat 50 qəpiyə alacaqlarsa, mən də onu əkərəm. Amma bazar bunu qəbul etmir. Əksinə, yüksək məhsuldarlığı olan məhsulu daha rahat sata bilirəm", deyə o bildirib.
Anar Abbasov Almaniya nümunəsini də xatırladıb:
"Almaniyada yaşayan qohumlarımız deyirlər ki, meşədən yığılan cır meyvələr və yerli bostan məhsulları adi məhsullardan üç dəfə baha satılır və alıcısı da çox olur. Bizdə isə bahadır deyə həmin məhsullara üstünlük verilmir".
Fermer hesab edir ki, hazırkı şəraitdə bazar dad və keyfiyyətdən çox məhsuldarlığı və daşınma imkanlarını qiymətləndirir:
"Bu gün fermer üçün əsas meyar məhsuldarlıq, saxlanma müddəti və daşınma imkanlarıdır. Yerli toxumun yaşaması üçün əvvəlcə onun alıcısı olmalıdır. Azərbaycanda isə belə bir bazar hələ formalaşmayıb", deyə Anar Abbasov əlavə edib.
Bahar Rüstəmli
Şərhlər