Kompüter ekranlarından mobil tətbiqlərə qədər hər yerdə gördüyümüz yazı tipləri dəb tendensiyaları kimi zamanla dəyişir. Şirkətlər isə istifadəçi təcrübəsini yaxşılaşdırmaq üçün müxtəlif şriftlərə üstünlük verirlər. Son dövrün dizayn dünyasında ən çox diqqət çəkən yazı tipi isə “Apercu”dur.
Qaynarinfo xəbər verir ki, yazı tipləri dəb tendensiyaları kimi dövrdən-dövrə dəyişir, estetik zövqlərə istiqamət verir və müəyyən dövrlərin simvoluna çevrilir. Bir neçə hərfə baxmaq belə insanın zehnində dərhal müəyyən bir zaman kəsiyini canlandıra bilər. “Helvetica” 1950-ci illərin ruhunu əks etdirirdi. Ekranlarda rahat oxunması üçün bu şriftdən yaradılan “Arial” isə 1990-cı illərdə fərdi kompüterlərin sürətlə yayılması ilə öz dövrünün simvoluna çevrildi.
“Microsoft Office” paketində standart şriftin “Calibri” əvəzinə “Aptos” olması bu yeni modeli dərhal hər evdə tanınan ada çevirmədi. Bu gün isə dizayn dünyasında ən çox seçilən yazı tipi İngiltərədə yerləşən “Colophon” şrift emalatxanasının imzasını daşıyan “Apercu”dur. Minlərlə saytdan məlumat toplayan “Typewolf”un təhlillərinə görə, bu şrift “Futura” və “Helvetica Neue” kimi köklü rəqiblərini geridə qoyaraq birinci yerə yüksəlib.
“Apercu” təxminən on il əvvəl bazara çıxdığı vaxtdan etibarən incəsənət dünyasında sürətlə populyarlıq qazanıb. Müasir İncəsənət Muzeyi və “Zeit Magazine” kimi nüfuzlu qurumların bu tipoqrafiyaya üstünlük verməsi onun tanınmasına böyük təsir göstərib.
Dizaynerlər şriftin sadə xətlərini və minimalist kompozisiyalarla yaratdığı harmoniyanı yüksək qiymətləndirirlər. Aşağı kontrastlı quruluşu isə müasir dizaynın əsas estetik istiqamətləri olan həndəsi illüstrasiyalar və minimalizmlə birbaşa uyğunlaşır.
Fərdi istifadəçilər yazı tiplərini əksər hallarda şüurlu şəkildə fərqləndirməsələr də, texnologiya nəhəngləri brend kimliyini formalaşdırmaq üçün tipoqrafiya seçimlərinə strateji yanaşırlar.
“Google” korporativ loqosunda “Product Sans” şriftindən, veb-saytlarında isə “Roboto”dan istifadə edir. Şirkətin “Pixel” smartfonlarında standart olaraq “Google Sans” təqdim olunur. Bir çox istifadəçi “Pixel” cihazlarında bu tipoqrafiyanın interfeysə əlavə dəyər qatdığını, standart “Roboto”dan istifadə edən digər “Android” telefonlarının isə daha adi göründüyünü bildirir.
“Apple”da “Helvetica Neue”ni əvəz edən “San Francisco” təxminən on ildir əməliyyat sistemlərində standart şrift kimi istifadə olunur.
“Meta” şirkətinə məxsus “Instagram” və “WhatsApp” kimi tətbiqlər loqolarında “Optimistic” adlı tipoqrafiyadan istifadə edir, söhbət ekranlarında isə cihazın öz sistem şriftini təqdim edirlər.
“TikTok” isə yerli sistem şriftlərindən imtina edərək bütün mətnləri özünün hazırladığı “TikTok Sans” ilə göstərir. Tətbiqin nəhəng istifadəçi auditoriyası nəzərə alındıqda, bu şrift gündəlik olaraq dünyada ən çox görülən yazı tipi titulunu qoruyur.
Aydın
Şərhlər